Rusiya “Taxıl sazişi”ni dayandırır... - Bu üzdən üçüncü dünya ölkələri aclıqla üzləşə bilərmi?

Rusiya rəsmiləri bir neçə dəfə bildiriblər ki, “Taxıl sazişi”ni davam etdirmək üçün heç bir əsas görmürlər...

İqtisadçı-alim: “Rusiyanın Ukrayna limanlarını blokadaya alması səbəbindən taxıl daşınması bir müddət dayandırılmışdı. Bu vəziyyət, bütün dünyada qıtlıq qorxusunu artırdı və qiymətlərin kəskin artmasına səbəb oldu. Təkrar belə bir hal yaşanarsa, buğda və qarğıdalının ixrac qiymətləri görünməmiş səviyyəyə yüksələ bilər”.

“Dünya bazarında, xüsusən də Asiya və Afrika ölkələrinin Ukrayna taxılına çox böyük ehtiyacı var. Alternatif bazarların tapılması və logistika məsələlərinin qısa müddətdə həll olunması mümkün deyil”.

Bu sözləri iqtisadçı-alim Vüsalə Əhmədova Rusiyanın “Taxıl sazişi” ilə bağlı növbəti xəbərdarlığını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Rusiya rəsmiləri, o cümlədən, xarici işlər naziri Sergey Lavrov və Kreml sözçüsü Dmitri Peskov bir neçə dəfə bildiriblər ki, “Taxıl sazişi” dayandırıla bilər.

Bəs Rusiya sazişdən çıxarsa, bu nə ilə nəticələnə bilər? Bunun nəticəsində üçüncü dünya ölkələri aclıqla üzləşə bilərmi?

Mövzunu Poliqon-un əməkdaşı iqtisadçı-alim Vüsalə Əhmədova ilə müzakirə edib.

Vüsalə Əhmədova: “Azərbaycanda dövlətin müdaxiləsi olmazsa, buğda və un məmulatlarında qiymətlərin yüksəlməsi özünü göstərəcək”.

Hazırda taxıl ehtiyatımızın olduğunu vurğulayan ekspert əlavə edib ki, İrəlidə təhlükə yaranarsa, alternatif bazar kimi Qazaxıstana müraciət ediləcək:

“Moskva administrasiyası, G-7 ölkələrinin Rusiyaya bir çox məhsulun ixracına tamamilə qadağa qoyması halında, Ukraynaya Qara dəniz vasitəsilə taxıl ixrac etməyə icazə verən sazişindən çıxacağını bildirib. Bilirsiz ki, Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə Qara dənizdən təhlükəsiz keçidə icazə verən saziş çərçivəsində milyonlarla ton Ukrayna məhsulu ixrac edildi. Türkiyənin də bu məsələdə barışdırıcı səyləri danılmazdı.

Rusiya-Ukrayna müharibəsi səbəbindən yaranan taxıl böhranı müvəqqəti həll olmuş kimi göründü. Lakin, hazırda ən böyük buğda ixracatçısı olan Rusiya taxıl və gübrə daşınması ilə bağlı problemlər həll olunmazsa, dəfələrlə müqavilədən çıxacağı ilə bağlı hədələr səsləndirib. Dünyanın ən böyük buğda istehsalçılarına baxsaq, bunlar sırasıyla Avstraliya, ABŞ, Rusiya, Hindistan və Çindir. Ukrayna 33 milyon ton ilə dünyanın ən böyük yeddinci buğda istehsalçısıdır. Observatory of Economic Complexity (OEC) məlumatına görə, dünyanın ən böyük buğda idxalçıları isə Misir (5,2 milyard dollar), Çin (3,47 milyard dollar), Türkiyə (2,44 milyard dollar), Nigeriya (2, 15 milyard dollar) və İndoneziyadır (2,08 milyard dollar). Bu ölkələrin ən böyük tədarükçüsü isə Ukraynadır.

Türkiyənin buğdada özünü təmin etmə səviyyəsi 89%-dir. Türkiyə idxal etdiyi buğdanı əsasən emal edərək un halında ixrac edir. Belə olan halda, Türkiyə üçün ciddi bir təhlükə görünməsə də, digər ölkələr üçün bunu demək mümkün deyil.

Vüsalə Əhmədova: “Türkiyə üçün ciddi bir təhlükə görünməsə də, digər ölkələr üçün bunu demək mümkün deyil”.

Bilirsiz ki, Rusiyanın Ukrayna limanlarını blokadaya alması səbəbindən taxıl daşınması bir müddət dayandırılmışdı. Bu vəziyyət, bütün dünyada qıtlıq qorxusunu artırdı və qiymətlərin kəskin artmasına səbəb oldu. Təkrar belə bir hal yaşanarsa, buğda və qarğıdalının ixrac qiymətləri görünməmiş səviyyəyə yüksələ bilər. Dünya bazarında, xüsusən də Asiya və Afrika ölkələrinin Ukrayna taxılına çox böyük ehtiyacı var. Alternatif bazarların tapılması və logistika məsələlərinin qısa müddətdə həll olunması mümkün deyil.

Azərbaycana nəzər yetirsək, ölkəmizin ən çox taxıl idxal etdiyi ölkə Rusiyadır, daha sonra Ukrayna və Qazaxıstan gəlir. Cari ilin yanvar-mart ayları üzrə ölkəmiz 108 mln. 758 min dollar dəyərində 356 min 147 ton buğda idxal edilib. Bu isə, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 94.8% və ya 173 min 283 ton çoxdur. Hazırda taxıl ehtiyatımızın olduğunu görürük. İrəlidə təhlükə yaranarsa, alternatif bazar kimi Qazaxıstana müraciət ediləcək. Belə olan halda da, dövlətin müdaxiləsi olmazsa, buğda və un məmulatlarında qiymətlərin yüksəlməsi özünü göstərəcək”.

Nərminə UMUDLU Poliqon.info