Moldovalı spiker rus diplomatları casusluqda ittiham etdi...

Moldova parlamentinin sədri İqor Qrosu bəyan edib ki, Dnestryanıda Rusiya Federasiyasının diplomatı statusuna malik şəxslər təkcə diplomatik fəaliyyətlə məşğul olmurlar...

Poliqon xəbər verir ki, bu barədə Moldavanın Point.md portalı məlumat yayıb.

Rumıniya KİV-lərinə müsahibəsində Moldova spikeri bəyan edib ki, paritet prinsipi əsasında Rusiya diplomatlarının mümkün qovulması məsələsi üzərində iş gedir:

“Bizim kifayət qədər hallarımız var ki, Rusiya Federasiyasının diplomatı statusu olan şəxslər Kişinyova gələrək, tez bir zamanda Dnestr çayının sol sahilinə, Dnestryanıya çatırlar. Onlar orada təkcə diplomatiya ilə məşğul olmurlar. Biz bunu bilirik. Onlar da bilirlər ki, bizim bu barədə məlumatımız var. İndi təbii ki, onların burada gördükləri işlərin həcmini qiymətləndirib, bununla bağlı qərar verəcəyik”.

Qrosun sözlərinə görə, Dnestryanıda “bir qrup qondarma diplomat var ki, onları yalnız diplomat hesab etmək olmaz və fəaliyyətləri diplomatik sahədən tamam başqa sahəyə aiddir”.

“Bu, xüsusi xidmət sahəsinə aiddir... Biz hər bir işi ayrı-ayrılıqda dəyərləndirməli olacağıq”, deyə sədr bildirib.

Poliqon.info