Teleaparıcı: “Səhiyyə Nazirliyi yerli-dibli yox olmalıdır”

“Yasamal rayonu 39 saylı poliklinikada 2 dəfə qızım üçün arayış almışdım son 2 ayda. Hər dəfə səhər saat 9-dan 4-5-ə qədər günüm orada keçdi. Növbə-növbə üstünə, lazım olmayan xəstəliklərlə bağlı göstəricilərə görə müraciət, havasızlıq, stress və əsəbsə olmazsa-olmazımız onsuz da bu cəmiyyətdə. TƏBİB sualım sizədir, çünki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yerli-dibli yox olmalıdır, səbəbləri hamı bilir”.

Pravda.az-ın xəbərinə görə, bunu teleaparıcı Günel Gözəlova bildirib.

“İki ayda bir insan niyə eyni müayinələrdən keçməlidir? Birini orta məktəb, digərini musiqi məktəbi istəmişdi. Özümsə bu gün arayış üçün müraciət etdim. Saat 9 radələrindən indiyədək poliklinikada çürüməkdəyəm. Sistem bərbad qurulub, 40 manat 12 qəpik mütləq onlayn ödənməli. Mən ödədim, amma neçə nəfər yaşlı kişi, bir də qadın gördüm istidə çıxıb getdilər ödəniş üçün və onlar geri dönənə qədər laboratoriya(analizlər) bağlanacaqdı, digər müayinələrdən keçsələr də, arayış ala bilməyəcəklər bu gün. Bu arada bütün dələduz həkimlər (istisnalar var) çıxır efirə özlərini tərifləmək və şou yaratmaq üçün. Azərbaycan Respublikası Audiovizual Şurası da deyir ki, reklamdır, özümüz bilərik. Əziz TƏBİB, yerlərdəki poliklinikalara bir nümayəndə göndərin, sizin əməkdaş olduğu bilinmədən keçsin müayinədən. Hər şey aydın olacaq, hələ ki, sizə güvənirəm!” – o qeyd edib.

Poliqon.info