İran ölkədə iğtişaşlara görə Qərbi və "Instagram"ı ittiham etdi

Kazem Qərib-Abadi Qərbin sosial şəbəklərini İrandakı etirazlara görə ittiham edib...
"Qərb ölkələri 2022-ci ilin sentyabrından İranı bürüyən iğtişaşların qızışdırılmasında iştirak edib. Eyni zamanda, "Instagram" silah satışı ilə bağlı yazıları silməyib və bombaların necə hazırlanmasını izah edən görüntüləri yayımlayıb".

Poliqon xəbər verir ki, bunu BMT-nin İnsan Hüquqları Şurasının 53-cü sessiyasında İran İslam Respublikasının İnsan Haqları üzrə Ali Şurasının Baş katibi Kazem Qərib-Abadi deyib.

Qərib-Abadi "Twitter"i də tənqid edərək bildirib ki, iğtişaşların ilk ayında şəbəkə İrana qarşı hərəkət etmək üçün 50 mindən çox saxta farsdilli hesab yaradıb.

"İğtişaşlar zamanı 8 mindən çox silah ələ keçirilib, 75-dən çox hüquq-mühafizə orqanı əməkdaşı və vətəndaş iğtişaşların qurbanı olub, 7 mindən çox hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb", ddyə Qərib-Abadi vurğulayıb.

2022-ci ilin sentyabr-dekabr aylarında İranda gənc qadın Məhsa Əminin polis tərəfindən saxlanıldıqdan sonra ölümü ilə bağlı kütləvi etirazlar və iğtişaşlar baş verib. Hakimiyyət Qərb dövlətlərini və İsraili etirazçılara dəstək verməkdə ittiham edib.

Poliqon.info