Şimali Koreyanın kosmosa çıxarmağa çalışdığı casus peykinin hərbi təyinatı yoxdur - Seul

Cənubi Koreya ordusu mayın sonunda Şimali Koreyanın kosmosa buraxmağa çalışdığı casus peykinin qalıqlarını Sarı dənizdə tapıb və onun hərbi məqsədlər üçün istifadə olunmadığı qənaətinə gəlib...

Poliqon “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi (JCS) məlumat yayıb.

JCS bildirib ki, ABŞ mütəxəssisləri ilə birlikdə Şimali Koreya raketinin uğursuz buraxıldığı gündən mayın 31-də dənizə düşdüyü yerdə və 36 gün ərzində onun hissələrinin axtarışına başlayıblar. Ötən gün dəniz dibində əsas hissələr tapılıb.

“Cənubi koreyalı və amerikalı ekspertlərin apardığı hərtərəfli təhlil nəticəsində belə qənaətə gəldik ki, onun kəşfiyyat peyki kimi heç bir hərbi təyinatı yoxdur”, deyə JCS-in bəyanatında qeyd edilir.

Dağıntıları tədqiq edərkən müttəfiqlər Şimali Koreyanın raket və kosmik proqramlarının hansı mərhələdə olduğunu, uzaqmənzilli raketlərinin inkişaf səviyyəsini, raket silahlarının yaradılması səylərinə bilərəkdən və ya bilməyərəkdən hansı ölkələrin yardım etdiyini müəyyən etməyə çalışıblar. Bununla belə, JCS müttəfiqlərin təhlilinin təfərrüatlarını açıqlamayıb, nə də kosmik gəminin qalıqlarının fotolarını təqdim etməyib.

Qeyd edək ki, Şimali Koreyanın mayın 31-də kosmosa hərbi kəşfiyyat peykini buraxmaq cəhdi uğursuz olub, daşıyıcı aparat və qurğu Cənubi Koreyanın Eokçeon adasından təxminən 200 kilometr qərbdə dənizə düşüb. Cənubi Koreya hərbçiləri dərhal Hərbi Dəniz Qüvvələrinin gəmiləri, dəniz aviasiyası və dərin dəniz dalğıclarının iştirakı ilə raketin qalıqlarının axtarışı və çıxarılması əməliyyatına başlayıb.

Poliqon.info