Macarıstan Ukraynanın NATO-ya daxil olmasına qarşıdır...

Macarıstan hökuməti Ukraynanın NATO-ya qəbulunu dəstəkləmir, çünki başlanğıc üçün onun ərazisində hərbi münaqişə olmamalıdır...

Poliqon xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Budapeştdə Slovakiyanın xarici işlər naziri Miroslav Vlahovski ilə M1 telekanalı tərəfindən yayımlanan birgə mətbuat konfransında bildirib.

İyulun 11-12-də Litvada təşkilatın sammitində Ukraynanın NATO-ya üzv ola biləcəyi sualına cavab verən Siyarto qeyd edib ki, bundan söhbət gedə bilməz.

“Müharibə şəraitində olan bir ölkənin NATO-ya üzvlüyü müzakirə olunmur”, deyə Macarıstan XİN vurğulayıb.

Onun sözlərinə görə, avropalı diplomatların əksəriyyəti bu mövqedən çıxış edir.

NATO 2008-ci ilin aprelində Buxarest sammitində Ukrayna və Gürcüstanın NATO-ya üzv olması barədə siyasi bəyanat qəbul edib. Lakin hər iki ölkəyə üzvlük üçün hüquqi prosedurda ilk addım olan Üzvlük Fəaliyyət Planını təqdim etməkdən imtina edib. 2019-cu ilin fevralında Ali Rada Ukrayna konstitusiyasına ölkənin NATO-ya üzvlük istəklərini gücləndirən düzəlişləri təsdiqləyib. Kiyev gücləndirilmiş imkanlara malik Alyans tərəfdaşı statusu alıb.

Poliqon.info