Kadırov: Yavaş-yavaş yaşayırıq...

Ramzan Kadırov xəstəliyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib...

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Dövlət Dumasının deputatı Adam Delimxanovla canlı yayıma çıxıb.

Poliqon xəbər verir ki, Kadırov Delimxanovla birlikdə çay süfrəsi arxasında canlı yayım edərək xəstəliyi ilə bağlı şayiələri təkzib edib.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Ramzan Kadırovun səhhətinin ağır olması, onun hətta ölüm ayağında olması ilə bağlı məlumatlar yayılıb. Daha əvvəl isə Adam Delimxanovun Ukraynada öldürülməsi. Ya da ağır yaralanması ilə bağlı məlumatlar yayılmışdı.

“Yavaş-yavaş yaşayırıq. Çox yaşamaq istəmirik. Qısa yaşayacağıq, amma ləyaqətlə”, deyə Ramzan Kadırov canlı yayımda deyib. Bu kadrlar “Qroznı” televiziyasının rəsmi Telegram kanalından yayılıb.

Dövlət Dumasının deputatı Adam Delimxanov videoda smartfonunda tarixi göstərib. Smartfonda 2 iyul 2023-cü il görünür. O, bunu videonun məhz həmin gündə çəkildiyini sübut etmək üçün edib.

Qeyd edək ki, Ramzan Kadırovun xəstəxanaya yerləşdirilməsi ilə bağlı şayiələr bir gün əvvəl bir neçə Telegram kanalı vasitəsilə yayılmağa başlayıb. Nəşrlərin müəllifləri iddia edirdilər ki, Çeçenistan rəhbərinin guya tam böyrək çatışmazlığı var.

Poliqon.info