Kolumbiya Rusiyaya etiraz notası göndərəcək

Kolumbiya Ukraynanın Kramatorsk şəhərinə raket hücumu ilə əlaqədar Rusiyaya etiraz notası göndərəcək.

“Report” xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro tviter hesabında yazıb.

Prezident bildirib ki, Rusiya müdafiəsiz üç kolumbiyalıya hücum edərək müharibənin protokollarını pozub: “Xarici İşlər Nazirliyi diplomatik etiraz notası təqdim etməlidir. Biz Serxio, Hektor və Katalinanın (hücum nəticəsində yaralananlar -red.) evə qayıtmasını gözləyirik”.

Xəsarət alan kolumbiyalının sözlərinə görə, Rusiya ordusunun raket zərbəsi onları həmin axşam şam yeməyinə oturduqları anda yaxalayıb.

Qeyd edək ki, iyunun 27-də Rusiya Silahlı Qüvvələri Kramatorsk şəhərinə raket zərbələri endirib. Bu hadisə nəticəsində 3-ü uşaq olmaqla 12 nəfər ölüb, bir uşaq olmaqla 60 nəfər yaralanıb. Yaralıların 3-ü Kolumbiya vətəndaşdır.

Poliqon.info