"Şahdağ Turizm Mərkəzi" niyə zərər edib?

"Şahdağ Turizm Mərkəzi"nin direktoru Rüstəm Nəcəfov zərərlə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Oxu.Az-ın məlumatına görə, o, bu barədə yay mövsümünün başlanması ilə əlaqədar təşkil olunan mediaturda jurnalistlərə açıqlamasında deyib.

R.Nəcəfovun sözlərinə görə, hesabatda qeyd edilən zərər tək nağd deyil:

“Burada vergilər və s. də var. Hesabatda qeyd edilən 100 milyon manata yaxın zərər 2016-cı ildən indiyə kimi olandır. 2021-ci ildə mərkəzimizin dövriyyəsi 6,3 milyon manat olub. Dövlət tərəfindən bizə verilən vəsait 13,9 milyon manat təşkil edib. 2022-ci ildə dövlətdən ayrılan subsidiya 12 milyon manat olub ki, bu da 14 faiz azalma deməkdir”.

O qeyd edib ki, 2016-cı ilin dövriyyəsi 3,1 milyon manat idisə, keçən il bu göstərici 7,3 milyon daha çox olub: "Məqsədimiz zərəri azaltmaq üçün gəlirlərimizi artırmaq və dövlətdən asılılığımızı azaltmaqdır”.

Direktor əlavə edib ki, mərkəzin ərazisində yerləşən bütün hotellərdə qiymətlər 100 manatdan başlayır.

Poliqon.info