Moskvaya giriş və çıxış yoxlanılır - Yenilənib

Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib...

“Report”un Rusiya bürosu xəbər verir ki, hərbçilər və polislər Rusiya paytaxtına doğru hərəkət edən avtomobilləri yoxlayır.

“Report”un müxbiri Moskvanın cənub-qərbində, Yasenevo rayonunda yoxlamaların həyata keçirilməsinin şahidi olub. Çəkilən fotoşəkillər və videogörüntülər şəhərə girişin açıq olduğunu, lakin burada hərbçilərin və polisin postlarının qurulduğunu, zirehli texnikanın gətirildiyini təsdiq edir.

Daha əvvəl Moskva şəhərinin meri Sergey Sobyanin şəhərə giriş-çıxış üçün hərəkətin məhdudlaşdırılması ilə bağlı məlumatları təkzib etmişdi.

“Şəhərin giriş və çıxışlarında hərəkətin dayandırılması ilə bağlı bir çox məlumatlar daxil olur. Amma bu məlumatlar həqiqətə uyğun deyil. Yoxlamaların həyata keçirilməsi üçün tədbirlərin gücləndirilməsi ilə əlaqədar nəqliyyatın hərəkətində çətinliklər yarana bilər. Lakin şəhərə giriş və çıxışda heç bir məhdudiyyət yoxdur”, - o vurğulayıb.

Xatırladaq ki, iyunun 23-də “Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun şirkətinin mövqelərinə zərbələr endirməkdə ittiham edib və 25 min insanın “məsələni aydınlaşdırmağa” hazırlaşdığını bildirib. O, Rostov və Voronejdə bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü açıqlayıb.

Mümkün terror aktlarının qarşısının alınması məqsədilə Moskva şəhərində, Voronej və Moskva vilayəti ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib.

***

“Report”un Rusiya bürosu xəbər verir ki, Moskvanın mərkəzində, Kremlin divarları yaxınlığında hərbi maşın kolonnalarının hərəkəti müşahidə olunur.

Şəhərdə mülki avtomobilləri yoxlayan polis patrullarını da görmək olur.

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir". Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb.

Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda “Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.

Mümkün terror aktlarının qarşısının alınması məqsədilə Moskva və Moskva vilayəti ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib.

Poliqon.info