Dünyanın ən bahalı futbolçusu 1 milyon dollar cərimələnə bilər - Ekoloji pozuntular...

PSJ-nin və Braziliya millisinin ulduz hücumçusu Neymarı böyük məbləğdə pul cəzası gözləyir...

Poliqon France24 telekanalına istinadən xəbər verir ki, məşhur futbolçu Braziliyada ekoloji pozuntulara görə cərimələnə bilər.

Neymarın Rio-de-Janeyro ştatında ətraf mühitin mühafizəsi orqanlarının icazəsi olmadan malikanə tikdiyi bildirilir. Tikinti zamanı “ekoloji pozuntular”la müşayiət olunan bəzi işlər görülüb. Bunlara su axınının dəyişdirilməsi, süni gölü təmin etmək üçün çaydan suyun icazəsiz çəkilməsi daxildir.

Torpağın, daş və qayaların icazəsiz yerdəyişməsi, həmçinin xüsusi icazə olmadan çimərlik qumundan istifadə halları da aşkar edilib.

“Növbəti addım aşkar edilmiş pozuntuların qiymətləndirilməsi və hesablamalara görə və ətraf mühitə dəymiş ziyan nəzərə alınmaqla ən azı 5 milyon real (təxminən 1 milyon dollar) məbləğində cərimənin tətbiqi olacaq”, deyə Rio-de-Janeyro meriyasının mətbuat xidmətinin açıqlamasında bildirilir.

Neymar 2016-cı ildə Rio-de-Janeyro ştatında daşınmaz əmlak alıb. Yerli KİV-in məlumatına görə, o, 10 min kvadratmetr ərazini tutur və helikopter meydançası, spa mərkəzi və idman zalı daxildir.

Qeyd edək ki, 31 yaşlı hücumçu mart ayında sağ topuq nahiyəsindən ağır zədə alıb və hazırda müalicə olunur. Ötən mövsüm Neymar 29 oyun keçirib, 18 qol vurub və 17 məhsuldar ötürmə edib. Braziliyalı ulduzun bu yay Paris klubundan ayrılmaq qərarına gəldiyi haqda xəbərlər yayılıb. 31 yaşlı braziliyalının xidmətində Səudiyyə Ərəbistanından bir klub və bəzi Premyer Liqa klubları maraqlıdır.

Xatırladaq ki, Neymar “Barselona”dan PSJ-yə 222 milyon avroya keçib və dünyanın ən bahalı transferi hesab olunur.

Poliqon.info