Rusiyada “Vaqner qrupu”nun silahlı qiyamı - Uğurlu ola bilər?..

Rusiyada dünən axşamdan “Vaqner qrupu”nun silahlı qiyamı başlayıb...

Siyasi-şərhçi: “Rusiyada baş verən hadisələr və “Vaqner” Özəl Hərbi Şirkətinin və onun başında duran Yevgeni Priqojinin faktiki olaraq qiyama əl atması, hələ heç bir nəticə demək deyil”.

“Hər bir halda mən baş verənlərə hələlik qiyam deməzdim. Çünki qiyam əlamətləri görünmür”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Rusiyada baş verənləri Poliqon-a şərh edərkən qeyd edib.

Rusiyada dünən axşamdan “Vaqner qrupu”nun silahlı qiyamı başlayıb və qiyamçılar artıq Rostov kimi böyük şəhərləri nəzarət altına alıblar. Bu qiyam nə qədər gözlənilən idi və qiyamın uğurlu ola bilməsinə inanmaq olar?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Bu Rusiyada ən azından sabitliyin pozulması və digər tərəfdən də Rusiya-Ukrayna cəbhəsində vəziyyətin əsaslı şəkildə Ukraynanın xeyrinə dəyişməsi deməkdir”.

Hər şeyin Putinin qərarından asılı olacağını vurğulayan ekspert Poliqon-a bildirib ki, ən azı kollektiv qərarın Putin tərəfindən elan olunmasından sonra mənzərə müəyyən qədər aydınlaşacaq:

“Rusiyada baş verən hadisələr və “Vaqner” Özəl Hərbi Şirkətinin və onun başında duran Yevgeni Priqojinin faktiki olaraq qiyama əl atması, hələ heç bir nəticə demək deyil. Ona görə ki, istənilən qiyamın mütləq bir siyasi tərəfi, siyasi komponent tərəfi də olmalıdır. Bu siyasi komponent Kremldə varmı? Bu gün kabinetlərdə hansı mübarizə gedir? Bu mübarizə hansı nəticələri ortaya qoyur? Biz hələ bunları bilmirik.

Buna görə də birmənalı şəkildə bu gün nəticə çıxarmaq hələ tezdir. Amma istənilən halda, bu Rusiyada ən azından sabitliyin pozulması və digər tərəfdən də Rusiya-Ukrayna cəbhəsində vəziyyətin əsaslı şəkildə Ukraynanın xeyrinə dəyişməsi deməkdir.

Ərəstun Oruclu: “İstənilən qiyamın mütləq bir siyasi tərəfi, siyasi komponent tərəfi də olmalıdır. Bu siyasi komponent Kremldə varmı?”.

Hər bir halda mən baş verənlərə hələlik qiyam deməzdim. Çünki qiyam əlamətləri görünmür. Müəyyən hərbi hərəkətlər var. Bunun da nəsə uğurlu nəticə verəcəyi inandırıcı deyil. Ona görə ki, Priqojinin sərəncamında təxminən 25 minə qədər hərbiçi var. Bu da Rusiya üçün çox kiçik bir rəqəmdir.

Hələ ki, ordu müqavimət göstərmir. Priqojin Rostovda Cənub Hərbi dairəsinin Qərargahını nəzarətə götürüb. Deyilənə görə, şəhərdə əhalinin bir hissəsi də onu alqışlayır. Hər şey Putinin qərarından asılı olacaq. Yəni ən azı kollektiv qərarın Putin tərəfindən elan olunmasından sonra mənzərə müəyyən qədər aydınlaşacaq. Hələlik isə birmənalı şəkildə nəysə söyləmək çətindir. Mən buna cəhd etmərəm”.

Nərminə UMUDLU Poliqon.info