Çin Hərbi Hava Qüvvələri Tayvan sahillərinə yaxınlaşıb

8 Çin hərbi təyyarəsi şənbə günü Tayvan boğazının xəttini keçərək adanın sahilindən 44 km aralıda yerləşən ərazisinə yaxınlaşıb...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi Tayvanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Tayvanın Müdafiə Nazirliyi şənbə günü yerli vaxtla səhər saat 8-ə kimi 19 Çin hərbi təyyarəsini, o cümlədən J-10 və J-16 döyüş təyyarələrini aşkar etdiyini bildirib. Onlardan 8 orta xətti keçərək 24 dəniz mili nişanına yaxınlaşıb.

“Tayvan öz təyyarələrini havaya qaldırıb və cavab olaraq gəmilər göndərib, həmçinin yerüstü raket sistemlərini işə salıb”, deyə nazirlik bildirib.

Nəşr yazır ki, Çin Müdafiə Nazirliyi vəziyyətlə bağlı şərh tələblərinə cavab verməyib.

Qeyd edək ki, son üç il ərzində Çin Hərbi Hava Qüvvələri müntəzəm olaraq Tayvan ətrafındakı hava məkanına daxil olub.

Pekin demokratik yolla idarə olunan Tayvanın Çin ərazisi olduğunu iddia edir. Tayvan hökuməti bu iddiaları rədd edir və yalnız adanın əhalisinin öz gələcəyinə qərar verə biləcəyini bildirir.

Poliqon.info