Poqosyan: Ermənilər Rusiyadan daha çox İrandan hərbi-siyasi yardım gözləyirlər...

Sorğular ermənilərin 40%-nin İrandan hərbi-siyasi yardım gözlədiyini göstərir. Bu Fransada 34%, Rusiyada 30%-dir...
"Ermənilər Rusiyadan daha çox İrandan hərbi-siyasi yardım gözləyirlər".

Poliqon xəbər verir ki, bunu "Sputnik Ermənistan"a Ermənistan Milli Elmlər Akademiyasının akademiki, Rusiya Elmlər Akademiyasının əcnəbi üzvü Gevorq Poqosyan deyib.

Onun sözlərinə görə, son 30 ildə Ermənistanda Rusiyaya münasibət çox müsbət olub. Demək olar ki, bütün keçirilən rəy sorğularında Rusiya 75-80% səs toplayaraq Ermənistana dost ölkələr arasında həmişə birinci yeri tutsa da, vəziyyət dəyişib.

"Son iki-üç ildə dəyişikliklər olub, Rusiyanın rolu azalmağa başlayıb. Üstəlik, son sorğular göstərir ki, İrana 32,7%, Fransaya 25,2%, ABŞ 23,0% etimad göstərir", deyə Poqosyan bildirib.

Onun sözlərinə görə, sorğular ermənilərin 40%-nin İrandan hərbi-siyasi yardım gözlədiyini göstərir. Bu Fransada 34%, Rusiyada 30%-dir.

Poqosyanın fikrincə, bu dəyişikliklər İkinci Qarabağ müharibəsi və müharibədən sonrakı vəziyyətlə bağlıdır. Aydındır ki, cəmiyyətin belə reaksiyası baş tutmayan gözləntilərin nəticəsidir.

Bundan əlavə, Poqosyan Qərbin uzun müddətdir ki, Rusiyaya qarşı genişmiqyaslı informasiya müharibəsi apardığına diqqət çəkir, onun təzahürləri Ermənistanda da nəzərə çarpır:

"Biz Ermənistanda, xüsusən də sosial şəbəkələrdə və bəzi KİV-lərdə anti-Rusiya əhval-ruhiyyəsinin artmasını qeyd edirik. Biz görürük ki, bəzi qərbyönlü vətəndaş cəmiyyəti institutları bu istiqamətdə fəaldırlar".

Onun fikrincə, siyasi rəhbərlik respublikanın geosiyasi oriyentasiyasını Rusiyadan Qərbə dəyişməyə də səy göstərir:

"Müasir şəraitdə bu, Türkiyənin təsirinin nəzarətsiz güclənməsinin xeyrinə Rusiyanın Cənubi Qafqaz regionundan sıxışdırılması deməkdir. Bu qaçılmazdır, çünki burada ya Rusiya və Aİİ üstünlük təşkil etməlidir, ya da NATO-nun nümayəndəsi kimi Türkiyə".

Poliqon.info