Dövlət Departamenti: ABŞ-ın Çinlə fikir ayrılıqları var...

ABŞ Dövlət Departamenti prezident Baydenin Si Tsinpin haqqında söylədiyi sözlərə reaksiya verib...
“Vaşinqton və Pekin arasında fikir ayrılıqları qalmaqdadır”.

Poliqon xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanı Co Baydenin Çin prezidenti Si Tsinpini “diktator” adlandırmasını şərh edərkən deyib.

“Prezident hesab edir ki, diplomatiya, o cümlədən Dövlət Katibinin son səfəri gərginliyi idarə etmək, anlaşılmazlıqları aradan qaldırmaq və yanlış hesablamalardan qaçmaq üçün məsuliyyətli bir yoldur”, deyə Patel bildirib.

Eyni zamanda, Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, ABŞ-ın Çinlə qarşılıqlı əlaqəsi o demək deyil ki, Vaşinqton Pekinlə mövcud fikir ayrılıqlarına məhəl qoymayacaq.

Qeyd edək ki, iyunun 21-də Çin Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ prezidentinin Çin liderini diktator adlandırmasını şərh edərkən bildirib ki, ABŞ-ın verdiyi bəyanatlar son dərəcə məsuliyyətsiz və absurddur, faktlarla ziddiyyət təşkil edir, açıq siyasi təxribatdır və diplomatik etiketi pozur.

Polioqn.info