Ana və uşaq ölümlərinin əsas səbəbləri açıqlanıb

Ana ölümlərinin əsas səbəb qanaxmalar olur...

Bunu APA-ya müsahibəsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi, cərrah mama-ginekoloq Aynurə Əmirova deyib. Həkim bildirib ki, bu, özünü xüsusilə də pandemiya dövründə daha qabarıq göstərib:

"Çünki daha öncəki illərdə Səhiyyə Nazirliyinin tətbiq etdiyi kliniki protokollar nəticəsində qanaxma 3-4-cü yerə keçmişdi, daha çox ekstragenital xəstəliklər, hipertensiv vəziyyətlər önə çıxmışdı. Amma pandemiya dövründə antenatal qulluğun zəifləməsi, qadınların vaxtlı-vaxtında həkimə müraciət edə bilməməsi, yüksək riskli hamilələrə nəzarəti bir qədər zəiflətdi deyə qanaxmalar yenidən ön plana çıxdı. Bu istiqamətdə lazım olan addımlar atılır və işlər aparılır".

Aynurə Əmirova deyib ki, uşaq ölümlərinin səbəblərinə gəlincə isə meyarlar dəyişib:

"Əvvəlki illərdə vaxtından əvvəl doğuş 28-ci həftədən hesablanırdı. Lakin bir neçə ildir ki, bu göstərici 22-ci həftəyə enib. 22-ci həftədən sonra doğulan, 500 qramdan yuxarı olan yenidoğulmuşlar diri uşaq hesab olunurlar. 500-900 qram arasında doğulmuşlar ekstrimal kiçik çəkidə olan körpələrdirlər və onların həyatda qalma ehtimalları da çox aşağı olur. Çünki həmin körpələrdə tənəffüs, sinir sistemi formalaşmamış, ürək-damar sistemində müəyyən dəyişiklər baş tutmamış olur. Buna görə o uşaqların həyatda qalma şansları çox aşağı olur. Onlar üçün xüsusi şərait yaradılmalıdır. 3-cü səviyyəli doğuşayardım müəssisəsində belə, 900 qrama qədər çəkidə doğulmuş uşaqların sağ qalma şansı o qədər də yüksək olmur. Yəni statistikada qeyd edilmiş uşaqların çoxu vaxtından əvvəl doğulmuş körpələrdirlər".

Qeyd edək ki, 2022-ci il üzrə hamiləlik, doğuş və zahılıq dövründə 18 ana ölümü, 1 yaşadək isə 959 nəfər körpə ölümü qeydə alınıb.

Poliqon.info