Ermənistan sərhəddə zavod tikir... - Sərhədlər müəyyənləşmədən bu nə qədər məntiqlidir?

İrəvan Azərbaycanla sərhədin təqribən 500 metrliyində böyük metallurgiya zavodu inşa etməyə qərar verib...

Siyasi-şərhçi: “Ermənistan bu addımı ilə bəlkə də qabaqdan gəlmişlik edərək həmən əraziləri sığortalamaq istəyir”.

“Bu zavodun inşası ilə bağlı beynəlxalq qurumlara məlumat verməliyik və Ermənistana təziqləri artırmalıyıq”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli Ermənistanın sərhəddə metallurgiya zavodu inşa etmək niyyətini Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistan Azərbaycanla sərhəddən təxminən 500 metr məsafədə olan ərazidə böyük metallurgiya zavodu inşa etməyə qərar verib. Sərhəddə vəziyyət gərgin olduğu, iki ölkə arasında sülh sazişi imzalanmadağı və sərhəddin hələ də müəyyənləşmədiyi vaxtda Ermənistanın bu addımı nə qədər məntiqlidir?

Mövzunu Poliqon-un əməkdaşı AĞ Partiya Mərkəzi Aparatının rəhbəri, siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Böyük metallurgiya zavodu sərhəddəki ekoloji vəziyyəti də pisləşdirəcək”.

Ermənistanın bu zavodu inşa etməklə beynəlxalq standartlara və prinsiplərə riayət etmədiyini qeyd edən ekspert Poliqon-a bildirib ki, İrəvan xüsusilə, Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə Avropa İqtisadi Komissiyasının Konvensiyasında qeyd olunan müddəaları kobud şəkildə pozur:

“Ermənistan bu addımı ilə bəlkə də qabaqdan gəlmişlik edərək həmən əraziləri sığortalamaq istəyir. Bildirmək istəyir ki, bu ərazilər onlarındı. Halbu ki, sərhəd hələ də müəyyənləşməyib, delimitasiya və demarkasiya prosesi aparılmayıb.

Eyni zamanda böyük metallurgiya zavodu sərhəddəki ekoloji vəziyyəti də pisləşdirəcək. Ermənistan bu zavodu inşa etməklə beynəlxalq standartlara və prinsiplərə riayət etmir, xüsusilə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə Avropa İqtisadi Komissiyasının Konvensiyasında qeyd olunanları kobud şəkildə pozur. Həmən konvensiyaya əsasən, Ermənistanın öz ərazisində həyata keçirdiyi və qonşu ölkələrə mənfi ekoloji təsir göstərən istənilən irimiqyaslı iqtisadi fəaliyyəti qonşu ölkənin müvafiq qurumları ilə razılaşdırılmalı və məlumatlandırılmalıdır.

Təəssüf ki, Ermənistan bu müddəalara əməl etməyərək beynəlxalq və ekoloji qanunlara etinasızlıq nümayiş etdirir. Hesab edirəm ki, bu zavodun inşası ilə bağlı beynəlxalq qurumlara məlumat verməliyik və Ermənistana təziqləri artırmalıyıq”.

Nərminə UMUDLU Poliqon.info