Rusiya daha bir “qara siyahı”ya salına bilər...

Bu gün Fransanın paytaxtında Beynəlxalq Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə Qrupunun (FATF) plenar iclası işə başlayacaq və bu iclasda Rusiyanın “qara siyahı”ya salınması barədə qərar qəbul oluna bilər...

Poliqon xəbər verir ki, bu barədə FATF-ın saytı məlumat yayıb.

Hələlik bu qərarla bağlı heç bir rəsmi açıqlama verilməyib, lakin bu məsələnin iclasda müzakirəyə çıxarıla biləcəyi barədə məlumatı mənbələr təsdiqləyib. O cümlədən, Bloomberg Agentliyi Avropa rəsmilərinə istinadən yazıb ki, Rusiyanın “qara” və ya “boz” siyahıya salınması FATF-ın iyunun 19-23-də baş tutacaq iclasında nəzərdən keçiriləcək.

Bundan əvvəl Ukrayna Milli Bankının rəhbəri Andriy Pişnyi bəyan etmişdi ki, Ukrayna FATF-ın plenar iclasında Rusiyanın “qara siyahı”ya salınması barədə qərarın qəbul edilməsini təmin etməyə çalışır.

Ukrayna Maliyyə Nazirliyi və Ukrayna Dövlət Maliyyə Monitorinqi Xidməti də Çirkli Pulların Yuyulmasına Qarşı Beynəlxalq Mübarizə Qrupunu plenar iclasda Rusiya Federasiyasını “qara siyahı”ya daxil etməyə çağırıb.

Poliqon.info