“10 min manat bir partiyanın hansı dərdinə əlac olacaq?”

YAP-çı deputat Siyavuş Novruzov siyasi partiyalara ildə maksimum 10 min manat ianə ayrılması haqda yayılan xəbərlərə aydınlıq gətirib
S.Novruzov “Siyasi partiyalar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən siyasi partiyalara ildə maksimum 10 min manat ianə ayrıla biləcəyi haqda xəbərlərin yanlış anlaşıldığını deyib.YAP-çı deputat virtualaz.org saytına açıqlamasında qanunda ediləcək dəyişikliyi belə izah edib: “Dünya praktikasında da belə hal mövcuddur ki, siyasi partiyalar bir neçə formada özünün maliyyə mənbələrini formalaşdırırlar. Bunlar üzvlük haqqından, ianələrdən və dövlət büdcəsindən alınan vəsaitlər hesabınadır. Bəzi ölkələrdə seçkilər ərəfəsində bu vəsaitlər 3 dəfə artırılır. Məsələn, Türkiyədə və Almaniyada da bu belədir. Bəzi ölkələrdə isə büdcə artımı zamanı partiyalara ayrılan vəsaitlər də artırılır.Siyasi partiyalara ayrılan ianələrə gəlincə, görünür, bunu kimsə düzgün izah etməyib. İanənin maksimum və minimum həddini müəyyənləşdirmək olar. Bir siyasi partiya il ərzində 10 min manat ianə alarsa, bu vəsait onun heç bir fəaliyyət istiqamətinə fayda verə bilməz. Siyasi partiyaların maliyələşməsinin əsasları haqqında qanunda göstərilir ki, siyasi partiyalar üzvlük, ianə və dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşə bilər. İanənin maksimum həddi 10 min manat göstərilə bilər. Məsələn, bu gün hər hansı bir partiyaya bir neçə şəxs gəlib 5 min, 10 min manat ianə vermək istəyirsə, bunu heç bir qanunla qadağan etmək olmaz. Bu, mümkün olan bir məsələ deyil. Çünki bu, QHT, ictimai təşkilat yox, siyasi partiyadır. Siyasi partiyaların rayon təşkilatları var, onların maliyyələşməsi partiyanın büdcəsi hesabınadır.Bir daha qeyd edirəm ki, bu dəyişikliklə bağlı izah düzgün verilməyib. Məsələn, ABŞ və Polşada bir vətəndaşın siyasi partiyaya ianə verə biləcəyi məbləğ bizim valyuta ilə maksimum 3 min manatdır. Digər hüquqi şəxslərin, partiyaların, təşkilatların da siyasi partiyaya ayıracağı məbləğ qanunla müəyyənləşdirilir. Bu hədd olmalıdır və göstərilməlidir”.S.Novruzovun sözlərinə görə, siyasi partiyanın ildə maksimum 10 min manat ianə ala bilməsi mümkün deyil: “Bəlkə xalqın yarısı hansısa bir siyasi partiyaya ianə vermək istəyir? Bunun qarşısını necə almaq olar? Bunun yalnız maksimum və minimum məbləği göstərilə bilər. Ancaq bu ianəni xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi təşkilatlar edə bilməz”.   Qeyd edək ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Әli Hüseynli mətbuata açıqlamasında “Siyasi partiyalar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində nəzərdə tutulan dəyişikliklər haqda danışarkən bildirmişdi ki, siyasi partiyalara verilən ianələrin yuxarı həddi də müəyyən edilib və siyasi partiyalara bir il ərzində ən çoxu 10 min manat ianənin verilməsi nəzərdə tutulur.