““Ruzini yetirən Allahdır” deyib, xəyallara sığınanlara...”

“Rəcəb Tayyib Ərdoğan bu gün hər Azərbaycan ailəsi üçün 5 uşaq deyib. Bu Azərbaycan xalqı üçün faydalıdır mı? Sayımız 7 milyon olanda Azərbaycanın vahid torpaq fondunda təxminən 4 milyon 600 min hektar kənd təsərrüfatına yararlı torpağımız vardı. Bu gün sayımız 10 milyon olub, torpaq isə artmayıb, həmin torpaqdır. Hələ, zəbt edilib, şəxsi mülkiyyətə çevrilənləri nəzərə alsaq, praktik istifadə üçün azalma var. Su ehtiyatlarımız da bərbaddır, getdikcə azalır. Hər ailədə 1-2 uşağın doğulduğu halda ərzaq tədarükündə ciddi şəkildə idxaldan asılılığımız var”.

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Eldəniz Əmirov bildirib.

“İndi təsəvvür edək ki hər ailədə 5 uşaq doğuldu. İllər sonra bunun yaradacağı təzyiqi təsəvvür etmək belə çətindir. Uzun iqtisadi əsaslandırma yazıb özümü yormayacam. Bir onu deyim ki, əhalinin artımı ÜDM artımı ilə müşahidə edilməyəndə (mütənasiblik sinxronlaşmayanda) Afrikada yavan çörəyə möhtac olan ölkələrin aqibəti yaşanır. "Ruzini yetirən Allahdır" deyib, fundamentallıqdan qaçıb xəyallara sığınanlara məhz dünyada ən çox təbii artımına malik acından ölən çox uşaqlı Afrika ölkələrini xatırlamağı tövsiyə edərdim”, - E.Əmirov qeyd edib.

Poliqon.info