Ağ Ev BMT TŞ-nin daimi üzvlərinin sayının 11-ə çıxarılmasını təklif edir.. - Siyahıda hansı ölkələr var?..

Bayden administrasiyası veto hüququ olmadan altı ölkəni BMT Təhlükəsizlik Şurasına daimi üzv olaraq daxil etməyi təklif edir...

Poliqon xəbər verir ki, bu barədə The Washington Post qəzeti mənbələrə istinadən məlumat yayıb. Qəzet yazır ki, ABŞ administrasiyası veto hüququ olmayan altı yeni daimi üzvün BMT Təhlükəsizlik Şurasına daxil edilməsi planını müzakirə edir.

Məlumatda qeyd olunur ki, bu yolla ABŞ prezidenti Co Bayden inkişaf etməkdə olan ölkələrin dünya təşkilatına təsirini genişləndirməyi və bununla da Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyat fonunda BMT Təhlükəsizlik Şurasına “etimadı bərpa etməyi” gözləyir.

WP yazır ki, ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild təşkilatın 193 ölkəsinin diplomatları ilə məsləhətləşmələrə başlayıb. Məsləhətləşmələr dünya liderlərinin bu ilin payızında Nyu-Yorkda keçiriləcək illik toplantısından əvvəl baş tutacaq.

Qəzetin mənbələri qeyd edib ki, ABŞ daha əvvəl Almaniya, Hindistan və Yaponiyanın Təhlükəsizlik Şurasının daimi üzvləri kimi qəbul olunmasını müdafiə edib. Fransa və Böyük Britaniya isə bu ideyanı dəstəkləyərək, Braziliya və ən azı bir Afrika ölkəsinə daimi səlahiyyət verilməsini təklif ediblər.

Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, Amerika tərəfi “həqiqətən uğur qazana və islahatlara səbəb ola biləcək ağlabatan, etibarlı təklif üzrə müəyyən konsensusa nail olmağa” çalışır.

BMT Təhlükəsizlik Şurası 15 dövlətdən ibarətdir, onlardan beşi daimidir: Rusiya, ABŞ, Çin, Böyük Britaniya və Fransa, qalanları iki il müddətinə seçilən qeyri-daimi dövlətlərdir. Hazırda Braziliya, Yaponiya, İsveçrə, Mozambik, Qabon, Malta, Albaniya, Ekvador, Birləşmiş Ərəb Əmirlikləri və Qana var. İkinci Dünya Müharibəsi nəticəsində yaranmış beş daimi üzv veto hüququna malikdir.

Apreldə Rusiya BMT Təhlükəsizlik Şurasının sədri olub. Sədrlik BMT Nizamnaməsinə uyğun olaraq hər ay Təhlükəsizlik Şurasının bir üzvündən digərinə keçir, prioritet ingilis əlifba sırası ilə müəyyən edilir.

“ABŞ hakimiyyəti bu təklifi irəli sürməklə BMT Təhlükəsizlik Şurasına etimadı bərpa etməyə və bu təşəbbüsü digər beynəlxalq institutları da müasirləşdirmək cəhdi ilə əlaqələndirməyə ümid edir. Biz istəyirik ki, bu qurumlar çalışsınlar ki, biz beynəlxalq münaqişələri müzakirə edib həll etməyə çalışaq”, deyə mənbə WP-yə bildirib.

Xatırladaq ki, Bayden keçən il BMT Baş Assambleyasının 77-ci sessiyasındakı çıxışı zamanı BMT Təhlükəsizlik Şurasında islahatların aparılması və ona “Afrikadan daimi nümayəndəliyin” daxil edilməsi ideyasını dəstəklədiyini açıqlamışdı.

Poliqon.info