Aksana Filipişina Ukraynanın faciəsi barədə: “Onminlərlə uşaq haqqında heç bir məlumat yoxdur”

İş o yerə çatıb ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın Uşaq Hüquqları üzrə Ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib.

Ukraynalı uşaqların Rusiya Federasiyasına qanunsuz deportasiyası ilə bağlı məsələ dünya ictimaiyyətinin gündəmindən düşmür.

İş o yerə çatıb ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın Uşaq Hüquqları üzrə Ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib.

Həmçinin Böyük Britaniya da Mariya Lvova-Belovanın BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışını bloklayıb.

Ukraynanın İnsan Hüquqları üzrə Helsinki İttifaqının analitik şöbəsinin rəhbəri, Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarının keçmiş müavini Aksana Filipişina Oxu.Az-a açıqlamasında sözügedən məsələ barədə son vəziyyəti qiymətləndirib.

O, hazırda işğal altında olan Ukrayna ərazilərində qalan və Rusiya Federasiyasına qanunsuz deportasiya edilən ukraynalı uşaqların ehtimal edilən sayı və taleləri barədə danışıb:

“İlk növbədə qeyd edim ki, Ukrayna tərəfi dəqiq rəqəmlərə malik deyil. Rusiya Federasiyası müharibə vaxtı mülki şəxslərin müdafiəsi haqqında Dördüncü Cenevrə Konvensiyasından irəli gələn öhdəlikləri pozaraq, bizim uşaqlarımız haqqında heç bir məlumat təqdim etmir. Rusiya zorla, uşaqların və onların qohumlarının razılığı olmadan, həmçinin Kiyevə heç bir məlumat vermədən uşaqları öz ərazisinə qanunsuz deportasiya edir. Bu uşaqların neçə yaşı olduğu, ad və soyadları haqqında, həmçinin hara aparıldıqları barədə heç bir məlumat yoxdur”.

Aksana Filipişina bildirib ki, Ukrayna bir sıra məlumatların izi ilə fəaliyyətini qurmağa çalışır: 

“İctimai məkanda 770 min ukraynalı uşaq barədə rəqəmlər dolaşır. Son vaxtlara qədər bu məlumatlar Rusiya Federasiyasının özü tərəfindən yayımlanırdı. Bu rəqəm müharibə başlayandan sonra valideynləri ilə, yaxud onlarsız Rusiya Federasiyasında olan ukraynalı uşaqların sayıdır. Bu şəxslər Ukraynanın Donetsk və Luqansk vilayətlərində yaşayan və xilas olmağa çalışan ailələrdir”.

Mütəxəssis hesab edir ki, bu ailələrin bir çoxu Rusiyadan tranzit ölkə kimi istifadə etməyə çalışıb və gələcəkdə Avropa ölkələrinə keçib oradan Ukraynaya geri qayıtmağı düşünüb: 

“Ancaq söhbət həmçinin müxtəlif müəssisələrdə qalan uşaqların, eləcə də rusların, sadəcə olaraq, küçələrdən toplayıb, avtobuslara mindirərək öz ərazisinə daşıdığı uşaqlardan gedir. Elə uşaqlar da var ki, onların valideynləri Rusiyanın xüsusi xidmət orqanlarının süzgəcindən keçə bilməyiblər. Belə olan halda xüsusi düşərgələrdə uşaqları valideynlərindən ayrı salıblar.

Uşaqların digər xüsusi kateqoriyası isə işğal olunmuş ərazilərdən Rusiya Federasiyasındakı və ya işğal olunmuş Krımdakı müəssisələrə köçürülənlərdir. Rusiya, demək olar ki, ötən ilin sonuna qədər 770 min ukraynalı uşaqla bağlı məlumatları dərc edirdi, sonra qanunsuz deportasiya ilə bağlı beynəlxalq hay-küy qalxdı, dünya ictimaiyyəti bu hadisələri nəzarət altına götürdü. Bundan sonra məlumatların yenilənməsi dayandırıldı.

Biz bir çox parametrlərə əsasən qanunsuz deportasiya olunan uşaqların dəqiq sayını hesablamağa çalışırıq. Bu, ilk növbədə, müvəqqəti işğal olunmuş ərazilərdə yaşayan uşaqların ümumi sayıdır. Məsələn, 2022-ci ilin fevralına olan məlumata görə, təkcə Mariupolda 50 mindən çox uşaq yaşayırdı. Mariupolda mülki və mənzil fondunun 90%-i məhv edilib, Ukrayna tərəfi, təəssüf ki, neçə nəfər uşağın sağ qaldığını bilmir. Amma bu uşaq sayına əsaslanaraq və çox az adamın Berdyansk və ya Zaporojye vasitəsilə Ukraynanın nəzarətində olan əraziyə qaça bildiyini nəzərə alsaq, sağ qalan uşaqların əksəriyyətinin Rusiya Federasiyasına deportasiya edildiyini güman etmək olar. Müharibədən əvvəl Luqansk, Donetsk, Xerson, Xarkov vilayətlərinin işğal olunmuş ərazilərində yaşayan uşaqların sayını ümumiləşdirsək, təxminən 1,5 milyon uşaqdan söhbət gedir. Ukrayna böyük ölkədir və bütün ölkədəki uşaqların sayı 7,3 milyon nəfərdir.

Hazırda qanunsuz deportasiya edilmiş onminlərlə uşaqdan söhbət gedir. Eyni zamanda, Ukrayna tərəfi Cenevrə Konvensiyasının prinsiplərinə əsaslanaraq, bu günə qədər Rusiya Federasiyasında məcburi şəkildə yerləşdirilən uşaqlar haqqında tam təsdiqlənmiş məlumatlar bankı yaradıb. Məlumatlar hər gün “Müharibə uşaqları” adlı dövlət portalında yenilənir. Hazırda 20 minə yaxın uşağın məlumat bankından söhbət gedir və onların sayı durmadan artır. Bir daha vurğulayıram ki, bunlar adları, soyadları və hətta yerləşdirildikləri ünvan dəqiq müəyyən edilmiş uşaqlardır. Onlar haqqında bizdə hüquq-mühafizə orqanlarından və valideynləri tərəfindən təsdiqini tapmış məlumatlar var. Amma reallıqda Rusiyaya qanunsuz deportasiya edilən ukraynalı uşaqların sayı xeyli çoxdur”.

Poliqon.info