ABŞ və BMT Efiopiyaya ərzaq yardımını dayandırdı - 20 milyon insan ac qala bilər...

Efiopiya hökuməti ABŞ və Birləşmiş Millətlər Təşkilatının (BMT) ərzaq yardımını dayandırma qərarının saysız-hesabsız insanı daha da yoxsulluğa sürükləyəcəyini bildirib...

Poliqon The Ethiopian Herald qəzetinə istinadən xəbər verir ki, hökumət sözçüsü Leqesse Tulu ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və BMT-nin Ümumdünya Ərzaq Proqramının (WFP) yardımların oğurlandığı səbəbiylə əməliyyatları dayandırmaq qərarının ölkədəki humanitar böhranı daha da dərinləşdirəcəyini və saysız-hesabsız insanın daha da yoxsullaşacağını bildirib.

USAID-in davamlı olaraq Efiopiya hökumətinə böhtan atdığını iddia edən Tulu, hər iki təşkilatın araşdırmalarında hökumət səviyyəsində iştirakın olmadığını bildirib.

“Əgər cinayət törədən insanlar varsa, onların məsuliyyətə cəlb edilməsi doğru addım olardı”, deyən Tulu bildirib ki, hökumət iddiaları araşdırmaq üçün istintaq qrupu təyin edib.

Tulu hər iki təşkilatı qərarlarına yenidən baxmağa və dəyişməyə çağırıb.

USAID və Ümumdünya Ərzaq Proqramı yardımın oğurlanaraq bazarlarda satıldığı xəbərindən sonra əvvəlcə Tigrayə, keçən həftə isə bütün Efiopiyaya ərzaq yardımını dayandırdıqlarını açıqlayıb.

Efiopiyada 20 milyondan çox insan münaqişə və quraqlıq səbəbindən təcili ərzaq yardımına ehtiyac duyur.

Poliqon.info