NATO qoşunları Ukraynaya yeridilməsi ehtimalı varmı?

NATO ölkələri öz qoşunlarını Ukrayna ərazisinə göndərmək planlarını müzakirə etmir...

Poliqon xəbər verir ki, bunu Estoniyanın Baş naziri Kaya Kallas deyib.

Xanım Kallas qeyd edib ki, Alyans ölkələri bu və ya digər şəkildə Ukraynaya kömək edir: "Bütün ölkələr Ukraynaya bu və ya digər yardım edir. Amma heç bir ölkə bu müharibəyə müdaxilə etmək, ona öz qoşunlarını göndərmək istəyini bəyan etməyib, mən belə planlar haqda eşitməmişəm".

Xatırladaq ki, NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen bir neçə gün əvvəl bildirib ki, NATO-ya üzv olan bir sıra dövlətlər öz qoşunlarını Ukraynada yerləşdirə bilərlər. Onun sözlərinə görə, Ukraynanın belə hərbi yardım tələbi tamamilə qanuni olacaq. Rasmussen əlavə edib ki, NATO ölkələri Vilnüs sammitində Ukraynaya real təhlükəsizlik zəmanəti verməlidir.

Öz növbəsində Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba bildirib ki, NATO-ya üzv ölkələrin qoşunları müharibə bitənə qədər ölkə ərazisində olmayacaq. Diplomat əlavə edib ki, Ukrayna bunu tələb etmir.

Poliqon.info