Türkiyədə seçkidən bir gün əvvəl mayor ölkəni qarışdırıb, MİT hərəkətə keçib...

Milli Kəşfiyyat Təşkilatına (MİT) Türkiyədə seçkilərin birinci turuna bir gün qalmış dövlət çevriliş ilə bağlı məlumat daxil olub, lakin bu, təsdiqini tapmayıb...

Poliqon xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.

Türkiyədə prezident seçkilərinin birinci turu mayın 14-də keçirilib, namizədlərdən heç biri qalib gəlmək üçün lazımi səsləri toplaya bilməyib. Seçkilərin ikinci turu mayın 28-də keçirilib və Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə qalib gəlib.

“Yeni Şəfəq"in əldə etdiyi məlumata görə, mayın 13-də, saat 13:00 radələrində Dəniz Piyadaları Korpusunun mayoru S.T. MİT-in Çanaqqala bölgə idarəsinə gedərək, 15 iyul 2016-cı ildə Türkiyədə qeydə alınan dövlət çevrilişinə cəhdə bənzər bir cəhd olduğunu bildirib.

MİT dərhal Milli Müdafiə Nazirliyi, Silahlı Qüvvələrin Baş Qərargahı və Prezident Administrasiyasını məlumatlandırıb. Bütün kazarma və bazalarda axtarış aparılıb, baraklara giriş məhdudlaşdırılıb.

Lakin tezliklə ifadəsi alınan S.T.-nin yalan danışdığı məlum olub və onun psixi sağlamlığı ilə bağlı şübhələr yaranıb. Bununla belə, hərbi baza və birləşmələrdə ehtiyat tədbirləri mayın 28-dək davam edib.

Xatırladaq ki, 2016-cı il iyulun 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd edilib. Əsas qarşıdurma Ankara və İstanbulda baş vberib, 250-dən çox Türkiyə vətəndaşı öldürülüb, 2 mindən çox insan yaralanıb.

Poliqon.info