Rusiyanı dəstəklədiyi üçün keçmiş nazir mühakimə olunacaq...

Slovakiyanın keçmiş ədliyyə naziri Ukraynaya təcavüzə haqq qazandırdığına görə həbs oluna bilər...

Slovakiyanın keçmiş ədliyyə naziri Stefan Harabin Rusiyanın Ukrayna ərazisinə müdaxiləsinə dəstək verdiyi üçün mühakimə olunacaq.

Poliqon xəbər verir ki, bu barədə Slovakiyanın “Dennik N” nəşri prokurorluğa istinadən məlumat yayıb.

Məlumatda qeyd edilir ki, fevral ayında Harabin Putinin Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamaq qərarını açıq şəkildə dəstəkləyib. “Ukrayna hadisələri ilə bağlı mən Putinlə eyni şeyi edərdim”, deyə keçmiş nazir sosial şəbəkədə yazıb.

İyunun 1-də Xüsusi Prokurorluq onu “böhtan atmaq və cinayətə dəstək vermək” maddəsi ilə ittiham edib. Əgər onun günahı sübuta yetirilərsə, sabiq naziri 3 ilə qədər həbs gözləyir.

Harabin jurnalistlərə bildirib ki, yazdıqlarına görə heç də peşman deyil: “Mən yazdığım bəyanatla fəxr edirəm və bunu istənilən vaxt təkrarlayacağam. Putin və Rusiya Federasiyasının beynəlxalq hüquqa uyğun hərəkət etdiyi danılmazdır. O, təcavüzkar ola bilməz”. Deyə sabiq nazir bildirib.

Poliqon.info