Britaniyadan Ukraynaya pis xəbər: "Bu, tezliklə baş verməyəcək"

"Ukrayna yaxın gələcəkdə NATO-ya üzv ola bilməyəcək".

Poliqon xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles “The Washington Post” qəzetinə müsahibəsində bildirib.

O qeyd edib ki, hazırda Kiyevin Alyansa gedən yolu ilə bağlı fikir ayrılıqları var. Lakin nazir qeyd edib ki, NATO da Avropa İttifaqı kimi səhvləri təkrarlamamalı və Ukrayna kimi üzvlük üçün müraciət edənlərə həddən artıq vədlər verməməlidir.

“Biz realist olub deməliyik: Bu, Vilnüsdə olmayacaq, bu, tezliklə baş verməyəcək", deyə Uolles bildirib.

Təhlükəsizlik təminatlarına gəlincə, Uolles qeyd edib ki, bir sıra ölkələr Ukrayna ilə ikitərəfli və ya çoxtərəfli “qarşılıqlı müdafiə paktları” bağlamağa və gələcəkdə Ukraynaya qarşı hər hansı hücumun qarşısını almaq üçün ölkənin hərbi potensialını təkmilləşdirmək məqsədilə uzunmüddətli öhdəliklər götürməyə hazırdırlar.

Uollesin fikrincə, bu cür ikitərəfli razılaşmalar Rusiya Federasiyasının qarşısını almaqda uğurlu ola bilər, çünki “Rusiyanın quru qoşunları qarşıdakı 10 il ərzində əhəmiyyətli dərəcədə tükənəcək”.

Nazir vurğulayıb ki, Qərb tərəfdaşları Ukraynanın silah və maliyyə təminatını dəstəkləyir, eyni zamanda Kiyevi Kremllə sülh danışıqlarına başlamağa məcbur etmir.

Poliqon.info