Yelisey sarayı: İrəvan və Bakı ərazi bütövlüyünə hörməti bir daha təsdiqlədilər...

Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Alma-Ata Bəyannaməsinə sadiq olduqlarını bir daha təsdiq etdilər...

Poliqon xəbər verir ki, bu barədə Yelisey sarayından dünən keçirilən beştərəfli görüşlə bağlı verilən açıqlamada bildirilib.

Moldovada keçirilən beştərəfli görüşün yekunlarına dair Yelisey Sarayının bəyanatında deyilir ki, Ermənistan və Azərbaycan ərazi bütövlüyünə qarşılıqlı hörməti bir daha təsdiqləyiblər.

“Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri 2022-ci il oktyabrın 6-da Praqada Alma-Ata Bəyannaməsi ilə müəyyən edilmiş sərhədlərə hörmətlə bağlı öz öhdəliklərini təsdiq etdilər. Onlar Azərbaycan və Ermənistanın ərazi bütövlüyünə qarşılıqlı hörməti bir daha təsdiqlədilər”, deyə mesajda bildirilir.

Qeyd olunur ki, Avropa liderləri Ermənistan və Azərbaycanı bütün öhdəliklərinə, xüsusən də hərbi əsirlərin tezliklə azad edilməsinə əməl etməyə çağırıb.

“Fransa prezidenti istənilən düşmənçilik ritorikasından əl çəkməyin və regionun bütün əhalisinin rifahı naminə sülhün bərpası üçün səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb”, deyə Yelisey sarayının açıqlamasında qeyd edilir.

Xatırladaq ki, görüşdən sonra Nikol Paşinyan Moldovada Avropa Siyasi Birliyinin kənarında İrəvan və Bakının 1975-ci ilin sovet xəritələrinə əsaslanaraq delimitasiyaya daha əvvəl razılaşdıqlarını açıqlayıb.

Poliqon.info