Avropa silahlanmaq haqqında qərar verib...

Avropa Parlamenti sursat istehsalının artırılması ilə bağlı qanun layihəsini təsdiqləyib...

Poliqon xəbər verir ki, Avropa Parlamenti (AP) cümə axşamı Brüsseldə keçirilən plenar iclasında Aİ-də sursat və raket istehsalının artırılmasına dair qanun layihəsini dəstəkləyib.

Aİ-nin yeni tənzimləmə layihəsi Avropa Parlamentinin üzvlərinin 446 səsi ilə təsdiqlənib. AP-nın mətbuat xidmətindən verilən məlumata görə, 67 deputat bu qəararın əleyhinə səs verib, 112 deputat isə bitərəf qalıb.

Kommunikedə qeyd edilir ki, qanun “Ukraynaya sursat və raketlərin tədarükünü sürətləndirmək və üzv dövlətlərin arsenallarının artırılmasına dəstək vermək” məqsədi daşıyır. Söhbət Aİ-nin 500 milyon avro həcmində maliyyələşdirməsi ilə “müdafiə məhsullarının, xüsusən də yerdən yerə döyüş sursatı və artilleriya mərmiləri, raketlər və onların komponentlərinin mövcud çatışmazlığını həll etmək üçün” Aİ-nin istehsal gücünü artırmaqdan gedir.

Bu tənzimləmənin effektivliyinin təhlükəsizlik kontekstinin təkamülü nəzərə alınmaqla 2024-cü ilin ortalarına qədər qiymətləndirilməsi gözlənilir. “Nəticələrə əsasən, bu tədbirlərin uzadılması və əlavə büdcənin ayrılması məsələsinə baxıla bilər”, deyə sənəddə qeyd edilir.

Məlumata görə, Avropa Parlamenti indi Aİ-nin ikinci qanunverici orqanı olan Aİ Şurası ilə danışıqlara hazırdır və deputatlar ən qısa zamanda razılığa gəlməyə ümid edirlər. Bundan sonra bu qanunla bağlı yekun səsvermə iyulda keçiriləcək.

Poliqon.info