Amerikanın yeganə müqəddəs borcu...

Bayden Birləşmiş Ştatların yeganə müqəddəs borcunun əsgərlərin hazırlanması və onlara qayğı göstərməsi olduğunu bildirib...

ABŞ prezidenti Co Bayden deyib ki, Amerika xalqının “həqiqətən müqəddəs” bir vəzifəsi var. O da ABŞ-ın döyüş meydanına göndərdiyi hərbiçiləri hazırlamaq, həmçinin onlara və ailələrinə qayğı göstərməkdir.

Poliqon xəbər verir ki, Bayden bunu Anım Gününə həsr olunmuş mərasimdə çıxışı zamanı deyib.

Qeyd edək ki, Anım Günü ABŞ-da milli səviyyədə qeyd edilir. Bu gün Birləşmiş Ştatların indiyədək iştirak etdiyi bütün müharibələrdə və silahlı münaqişələrdə həlak olmuş amerikalı hərbçilərin xatirəsinə həsr olunub. Anma Günü hər il may ayının sonuncu bazar ertəsi qeyd olunur.

“Bir millət olaraq bir çox öhdəliklərimiz var, amma mən bütün varlığımla inanıram ki, bizim yalnız həqiqətən bir müqəddəs bir vəzifəmiz var. Bu da döyüş meydanına göndərdiyimiz insanları hazırlamaq, evə qayıdanda və qayıtmayanda onlara və ailələrinə qayğı göstərməkdir. Amerikalılar üçün bundan daha vacib, daha müqəddəs heç nə yoxdur”, deyəCBS News telekanalı prezidentdən sitat gətirib.

Xatırladaq ki, Anım Günü mərasimi zamanı Co Bayden Vaşinqtonun kənarındakı Arlinqton Milli Qəbiristanlığında Naməlum Əsgərin məzarına əklil qoyub. Tədbirdə həmçinin birinci xanım Cil Bayden, vitse-prezident Kamala Harris, müdafiə naziri Lloyd Ostin və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milley iştirak ediblər.

Poliqon.info