ABŞ Rusiyanın nüvə silahlarının Belarusa verilməsini pisləyib...

Birləşmiş Ştatlar Rusiyanın nüvə silahlarının Belarusa təhvil verilməsini qətiyyətlə pisləyir, lakin hələlik öz nüvə qüvvələrinin hazırlığına yenidən baxmaq üçün heç bir səbəb görmür...

Poliqon xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib.

“Mən əlimizdə ola biləcək heç bir fakt və ya qiymətləndirmədən danışmayacağam. Deyim ki, biz bu razılaşmanı qətiyyətlə pisləyirik, bu, Rusiyadan gördüyümüz məsuliyyətsiz davranışın növbəti nümunəsidir”, deyə Miller qeyd edib.

Dövlət Departamentinin sözçüsü təkrar edib ki, ABŞ nüvə qüvvələrinin hazırlığı ilə bağlı yanaşmasını dəyişmək üçün heç bir səbəb görmür.

Qeyd edək ki, mayın 25-də Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın taktiki nüvə silahlarının artıq bu ölkəyə ötürülməsinə başlanıldığını bildirib. Taktiki nüvə silahlarının artıq Belarusda olub-olmaması ilə bağlı aydınlaşdırıcı suala Lukaşenko deyib ki, respublikaya qayıdandan sonra bunu dəqiqləşdirəcək.

Dünən səhər məlum olub ki, Belarus və Rusiyanın müdafiə nazirləri Viktor Xrenin və Sergey Şoyqu Minskdə Rusiyaya məxsus qeyri-strateji nüvə silahlarının Belarus ərazisindəki xüsusi anbarda saxlanması qaydasını müəyyən edən sənədləri imzalayıblar.

Poliqon.info