Gözlənilən Moskva və Kişinyov görüşləri... - Konkret nəticələr olacaq?

Bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin görüşü gözlənilir...

Politoloq: “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi mövzusunun prioritet təşkil etdiyi danışıqlar prosesinin növbəti mərhələsinin Moskvada baş tutması gözləntilər baxımından ümidverici kimi qələmə verilsə də, hesab edirəm ki, məsələnin qəlizliyi bir o qədər optimist olmağa imkan vermir”.

“Sülh üçün azacıq da olsa işartılar hiss edilir, amma bunun ciddi nəticə üçün mümkün olmadığı qənaətindəyəm”.

Bu sözləri politoloq Azər Qasımov Azərbaycan və Ermənistan arasında gözlənilən görüşlərin nəticələrini Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin görüşü gözlənilir. İyunun 1-də isə Azərbaycan və Ermənistan arasında Moldovada Avropa İttifaqının rəhbəri Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz iştirak edəcəyi növbəti görüş keçiriləcək.

Bəs bu görüşlərdən konkret nəticələr əldə etmək mümkün olacaq?

Mövzunu Poliqon-un əməkdaşı Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Hal-hazırkı geosiyasi durumda həmin ölkələrin Rusiya ilə yan-yana dayanıb, hansısa sülh müqaviləsini imzalamasını təsəvvür etdiyimiz bir şəraitin praktiki baxımdan mümkün olmadığı aydındır”.

Problemdə ciddi dönüşün Azərbaycanın atdığı addımla mümkün olduğunu vurğulayan politoloq qeyd edib ki, bu günə kimi də Azərbaycan nə uğur əldə edibsə, ancaq öz gücünə əldə edib:

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi mövzusunun prioritet təşkil etdiyi danışıqlar prosesinin növbəti mərhələsinin Moskvada baş tutması gözləntilər baxımından ümidverici kimi qələmə verilsə də, hesab edirəm ki, məsələnin qəlizliyi bir o qədər optimist olmağa imkan vermir. Tək kənar ölkələrin yox, elə tərəflərin özlərinin bu sülhdən gözləntiləri fərqli olduğu üçün ortaq məxrəcin əldə edilməsi asan deyil, hətta deyərdim ki, mümkün deyil.

Sülhə yaxınlaşdıqlarını vurğulayan tərəflər prinsipial məsələlərdə fikir ayrılıqlarının qaldığını vurğulayır. Bu ritorika bizə tanışdır. Əvvəllər də işğal dövründə aparılan danışıqlarda eyni mətnlər yazılırdı. Vaxtı ilə də Parisdə, Vaşinqtonda bir neçə günlük ardıcıl danışıqlar aparılmışdı, amma məsələ on illər uzandı. Problemdə ciddi dönüş Azərbaycanın atdığı addımla mümkün oldu. Bu günə kimi də Azərbaycan nə uğur əldə edibsə, ancaq öz gücünə əldə edib. Nə danışıqlar, nə münaqişə tərəfləri məsələnin həllində mane olmaqdan başqa bir iş görməyiblər.

Təbii ki, indiki geosiyasi durum fərqlidir. Sülh üçün azacıq da olsa işartılar hiss edilir, amma bunun ciddi nəticə üçün mümkün olmadığı qənaətindəyəm.

Azər Qasımov: “Azərbaycan ordusu Xankəndiyə daxil olub ərazi bütövlüyünü tam bərpa etməli və bütün maraqlı tərəflərin gözləntilərini yox etməlidir. Bundan sonra Ermənistan sülhə məcbur gələcək”.

Moskva görüşündən sonra Moldovada da görüşlərin davamı olacaq. Nəticə dediyimiz sülh müqaviləsinin imzalanmasıdır. Bu müqavilədə də Rusiya ilə yanaşı adları çəkilən ölkələrin də ən azı bəzisinin imzası olmalıdır. Hal-hazırkı geosiyasi durumda həmin ölkələrin Rusiya ilə yan-yana dayanıb, hansısa sülh müqaviləsini imzalamasını təsəvvür etdiyimiz bir şəraitin praktiki baxımdan mümkün olmadığı aydındır. Hələ fikir ayrılıqlarını demirəm.

Odur ki, bu dəfə də Azərbaycan öz işini özü görməlidir. Azərbaycan ordusu Xankəndiyə daxil olub ərazi bütövlüyünü tam bərpa etməli və bütün maraqlı tərəflərin gözləntilərini yox etməlidir. Bundan sonra Ermənistan sülhə məcbur gələcək”.

Nərminə UMUDLU Poliqon.info