Gəncədə güclü küləyin törətdiyi fəsadlar aradan qaldırılır

Axşam saatlarından etibarən canlı qüvvə və texnikalar vasitəsilə güclü küləyin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində işlərə başlanılıb...

Ötən gün axşam saatlarında Gəncə şəhərində güclü küləklə müşahidə olunan leysan xarakterli yağışın yağması nəticəsində yaranan fəsadlar aradan qaldırılır.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Heydər Əliyev prospektində, X.Xasməmmədov, Əttarlar və digər küçələrində 20-yə yaxın iri, orta və xırda gövdəli ağac aşıb, şəhərin mərkəzi hissəsindəki yol kənarlarında olan məhəccərlər zərər görüb.

Bununla yanaşı bir neçə fərdi yaşayış ev və qeyri-yaşayış obyektlər, habelə avtomobillərə zərər dəyib.

Axşam saatlarından etibarən canlı qüvvə və texnikalar vasitəsilə güclü küləyin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində işlərə başlanılıb.

Belə ki, kökündən qopan və qırılan ağacların doğranaraq, ərazidən daşınması təmin edilib, aşma ehtimalı olan 20-dən artıq ağac tam və ya qismən zərərsizləşdirilib, ağacların təhlükə yaradan budaqları kəsilib.

Eyni zamanda şəhərin mərkəzi hissəsindəki yol kənarlarında olan məhəccərlər təmir olunub. Bu istiqamətdə işlər hazırda da davam etdirilir.

Qeyd edək ki, güclü küləklə müşahidə olunan leysan xarakterli yağışın yol açdığı fəsadlar günün ikinci yarısınadək tam aradan qaldırılacaq.

Poliqon.info