“Rusiya sülh istəmir” - Ərəstun Orucludan Moskva görüşünə şərh...

Brüssel görüşündən sonra sülh prosesində Moskva tərəflərə nə təklif edə bilər?..

Siyasi-şərhçi: “İstər Brüssel görüşlərinə, istərsə də xarici işlər nazirlərinin Vaşinqton danışıqlarına Moskva həmişə eyni reaksiya verib və Rusiyanın reaksiyası qeyri-adekvatdır”.

“Moskva çalışır ki, bölgə ölkələrini tam olaraq öz nəzarətinə saxlasın və idarə etdin. Bu isə nə Azərbaycana, nə Ermənistana təklif oluna biləcək əlverişli variant deyil”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu bu gün Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin keçiriləcək görüşünü Poliqon-a şərh edərkən qeyd edib.

Bu gün Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək. Mayın 25-də isə iki ölkəninin liderləri Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə görüşəcəklər. Digər görüşlərdən daha uğurlu görünən son Brüssel görüşündən sonra sülh prosesində Moskva tərəflərə nə təklif edə bilər və Moskvada hansısa irəliləyiş gözləmək olarmı?

Moskva görüşündən gözləntiləri Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Rusiya anlayır ki, Azərbaycanla Ermənistan arasında sülhə kim nail olacaqsa, o da prinsip etibarilə bölgəyə təsirini artırmış olacaq”.

Xarici işlər nazirlərinin, ardınca iki ölkə liderinin Moskva görüşünün yalnız ortada bir çaşqınlığın yaranmasına hesablandığını düşünən ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, Rusiya təşəbbüsü ələ alamaq üçün ortaya yeni bir format və ya yeni bir yanaşma qoymağa və Qərb tərəfindən həyata keçirilən sülh prosesinə maneçilik yaratmağa çalışacaq:

“İstər Brüssel görüşlərinə, istərsə də xarici işlər nazirlərinin Vaşinqton danışıqlarına Moskva həmişə eyni reaksiya verib və Rusiyanın reaksiyası qeyri-adekvatdır. Çünki Moskva bununla açıq-aşkar bildirir ki, o iki ölkə arasında sülhü əldə olunmasında başqa bir tərəfin iştirakını istəmir. Bu da tamamilə anlaşılandır. Çünki Rusiya anlayır ki, Azərbaycanla Ermənistan arasında sülhə kim nail olacaqsa, o da prinsip etibarilə bölgəyə təsirini artırmış olacaq.

Moskva uzun illər sülh prosesinə heç bir təşəbbüs göstərmədən sadəcə olaraq prosesi öz nəzarətinə saxlamağa üstünlük verib. Amma 2020-ci ilin müharibəsindən sonra təbii ki, vəziyyət dəyişib. Görünən budur ki, Qərbdən xüsusilə də, ABŞ-dan və xüsusilə ona həmrəy olan Avropa Birliyindən təşəbbüslər artıb. Bu isə Moskvaya əsas verir ki, həmin təşəbbüslərin qarşısını alsın.

Burada da Rusiyanın iki yolu var:

Birinci yol odur ki, sülh prosesini Rusiya özü idarə edərək yekun nəticəyə, yəni sülh müqaviləsinin imzalanmasına gətirib çıxarır.

İkinci yol isə, pozuculuqdur. İkinci yol effektiv deyil. Çünki Moskva nə qədər çalışsa da, nə qədər pozuculuq baş versə də, biz görürük ki, əks tərəf kifayət qədər israrlıdır. Sərhəddə olan toqquşmalara, yaxud digər çətinliklərə, Laçın dəhlizi ətrafında baş verənlərə rəğmən Qərb tərəfi aktiv şəkildə sülh prosesini dəstəkləyir və öz vasitəçiliyini durmadan artırmaqdadır.

Ərəstun Oruclu: “Sərhəddə olan toqquşmalara, yaxud digər çətinliklərə, Laçın dəhlizi ətrafında baş verənlərə rəğmən Qərb tərəfi aktiv şəkildə sülh prosesini dəstəkləyir və öz vasitəçiliyini durmadan artırmaqdadır”.

Belə olan şəraitdə məntiqlə Moskva sülhün əldə olunmasına təşəbbüs göstərərkən, yəni bu təşəbbüsü öz əlinə alaraq irəli çıxmalıdır. Amma məsələ burasındadır ki, Moskvanın sülh əldə etmək təşəbbüsü təkcə bu işlə də məhdudlaşmır. Moskva çalışır ki, bölgə ölkələrini tam olaraq öz nəzarətinə saxlasın və idarə etdin. Bu isə nə Azərbaycana, nə Ermənistana təklif oluna biləcək əlverişli variant deyil. Bu səbəbdən də Moskva pozuculuq yolunu tutub.

Düşünürəm ki, xarici işlər nazirlərinin, ardınca da prezidentlərin Moskvada görüşü yalnız ona hesablanıb ki, ortaya bir çaşqınlıq atılsın. Rusiya istəyir ortaya yeni bir format və ya yeni bir yanaşma qoyulsun ki, məhz Qərb tərəfindən həyata keçirilən sülh prosesinə maneçilik yaradılsın. Mən belə görürəm. Rusiya sülh istəmir. Əgər istəsəydi 30 ildə buna nail olardı”.

Nərminə UMUDLU Poliqon.info