Redon Cica: "Çempionluğu təmtəraqlı qeyd etmədik, çünki "Qarabağ" buna öyrəşib"

"Çempionluğu təmtəraqlı qeyd etmədik, çünki komanda son illər tez-tez qalib gəlməyə öyrəşib".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın albaniyalı hücumçusu Redon Cica ölkəsinin mətbuatına açıqlamasında deyib.

25 yaşlı hücumçu Azərbaycana və Ağdam klubuna tam uyğunlaşdığını bildirib: "Yüngül zədə almışam və 100% hazır deyiləm. Ümid edirəm ki, növbəti mövsümə daha güclü başlayacağam. Oynamaq şansım olanda əlimdən gələni edəcək, mənə olan etimadı doğruldacağam. Fasilə mənə kömək etməlidir. Sonra yeni mövsümdən start heyətində olmaq üçün hazırlıq mərhələsində var gücümlə çalışacağam".

Qış fasiləsində Albaniya "Tirana"sından "Qarabağ"a keçən forvardın sözlərinə görə, yanvarda klub dəyişmək futbolçu üçün yaxşı deyil: "Heyət komplektləşir və ona uyğunlaşmaq asan olmur. Yayda isə birlikdə təlim-məşq toplanışında olursan və komandanın oyun üslubunu başa düşürsən. "Qarabağ"a fasilədən sonrakı ilk oyundan beş gün əvvəl gəlmişdim və heç kimi tanımırdım. Hətta matçın necə getdiyini bilmirdim. Sadəcə, oynadım və əlimdən gələni etdim. Amma artıq adaptasiya dövrünü keçmişəm və əsas heyətdə oynayacağıma ümid edirəm".

Qeyd edək ki, Redon Cica "Qarabağ"la 3,5 illik müqavilə imzalayıb.

Poliqon.info