Aİ Gürcüstanın Rusiya ilə uçuşları bərpa etmək qərarından təəssüflənir

Avropa İttifaqı Gürcüstanın Rusiya ilə uçuşları bərpa etmək qərarına gəlməsindən təəssüfləndiyini bildirib...

Poliqon xəbər verir ki, bu barədə ittifaqın xarici xidmətinin sözçüsü Piter Stano Brüsseldə keçirdiyi brifinqdə bildirib.

“Biz müvafiq qərarları nəzərə almışıq və Rusiyanın hava nəqliyyatına qoyulan qadağanın aradan qaldırılması qərarından sonra Gürcüstanın Rusiyaya və Rusiyadan uçuşları bərpa etmək qərarından təəssüflənirik. Aİ və bir sıra tərəfdaşlarımız, o cümlədən ABŞ rusiyaya qarşı sanksiyalar tətbiq edib. Bu sanksiyalar Rusiyanın aviasiya sektorunu da əhatə edir və biz öz hava məkanımızdan Rusiyaya, Rusiyadan Avropaya və Avropa təyyarələrinin Rusiya üzərindən uçuşlara icazə vermirik. Bu, Gürcüstan hakimiyyətinin son qərarıdır və bu qərar Gürcüstanın Avropa yolu ilə bağlı qorxuları artırır”, deyə Piter Stano brifinqdə bildirib.

Qeyd edək ki, ötən həftə Rusiya prezidenti Vladimir Putin mayın 15-dən Gürcüstanla viza rejimini ləğv edib. Eyni zamanda Rusiya aviaşirkətlərinin Gürcüstana birbaşa uçuşlarına qoyulan qadağa aradan qaldırılıb. Moskva-Tbilisi marşrutu üzrə və əks istiqamətdə həftədə yeddi birbaşa uçuş planlaşdırılır.

Poliqon.info