İntiqam Əliyev jurnalistlərin məhkəməyə gəlməsini istəmədi

Sentyabrın 12-də Nəsimi Rayon Məhkəməsində hüquq müdafiəçisi İntiqam Əliyevin cinayət işi üzrə qapalı məhkəmə prosesi keçirilib
Bu barədə vəkil Anar Qasımlı özünün facebook hesabında yazıb. Vəkil bildirib ki, ev dustaqlığı barədə vəsatət və axtarış zamanı yol verilən pozuntularla bağlı şikayət təmin olunmayıb: “İntiqam müəllimin şəxsi təşəbbüsü ilə məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən mediaya məlumat vermədik. Dostlar əziyyət çəkib məhkəmə qaşısında gəlməsin deyə. Onsuz da qapalı keçən məhkəmə iclasını bir az da İntiqam müəllim özü qapadı”. Qeyd edək ki, avqustun 8-də Nəsimi Rayon Məhkəməsi Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilir.(qafqazinfo)