CNN: Trampın hakimiyyətə qayıdışı perspektivi Ukrayna üçün problemdir...

Kiyev çoxdan gözlənilən əks-hücum zamanı Co Baydenin qəti dəstəyinə arxalanır...
“Ukrayna yəqin ki, narahat olmalıdır ki, Tramp hakimiyyətə qayıdarsa, Paris iqlim sazişindən çıxdığı və İranın nüvə sazişini məhv etdiyi kimi Bayden mirasını da məhv etməkdən həzz alacaq”.

Poliqon xəbər verir ki, bu barədə ABŞ-ın CNN telekanalının təhlilində bildirilib.

Kanal vurğulayır ki, bəzi son sorğular Amerikanın, xüsusən də respublikaçılar arasında Ukraynaya yardıma dəstəyinin zəiflədiyini üzə çıxarıb. CNN qeyd edir ki, Tramp öz bəyanatlarında bu faktordan istifadə etməyə çalışır.

“Tramp göstərdi ki, o, müharibəni populist millətçiliyi üçün mükəmməl bir vasitə kimi görür və dünyanın qalan hissəsinin ABŞ-ı sındırdığını və Baydenin amerikalıların iqtisadi ehtiyaclarından daha çox əcnəbilərin təhlükəsizliyini qorumaqla maraqlandığını iddia edir”, deyə CNN bildirib.

Həmçinin kanal qeyd edir ki, Bayden “kampaniyasının kritik aylarında” hələ də Ukraynaya milyardlarla dollar göndərib-göndərməyəcəyi bəlli deyil. Bununla yanaşı, kanal “döyüş meydanında baş verən hadisələrin 2024-cü ilin noyabrında keçiriləcək seçkilərdən xeyli əvvəl müharibənin gedişatını müəyyən edə biləcəyini” istisna etmir.

Qeyd edək ki, daha əvvəl Tramp Rusiya ilə münaqişədə Ukraynanın qalib gəlməsini istəyib-istəmədiyini söyləməkdən imtina edib. O, həmçinin bildirib ki, indi Rusiya dövlət başçısı Vladimir Putini hərbi cinayətlərdə ittiham etməyin vaxtı deyil. Eks-prezident ABŞ-ın Ukraynaya həddindən artıq silah və sursat göndərməsini də tənqid edib.

Ukrayna prezidenti Vladimir Zelenski isə 2024-cü ildə ABŞ seçkilərindən sonra Kiyevin Vaşinqtonun dəstəyini itirə biləcəyindən qorxmadığını bildirib. Zelenski həmçinin 2024-cü ilə qədər Ukraynanın artıq qalib gələcəyinə əminliyini ifadə edib.

Poliqon.info