Qatlanan telefon satışları rekord qırır...

Qiymətlərin ucuzlaşması qatlanan smartfonlara marağı da artırıb...

Qatlana bilən ekranlı telefon bazarında həm model, həm də oyunçu sayı sürətlə artır.

Poliqon xarici mətbuata əsasən xəbər verir ki, Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung”, qatlana bilən smartfon seriyası “Galaxy Z”nin üç ildən sonra məşhur “Galaxy S” smartfon seriyasını keçəcəyini bildirib. Mövcud bazar şərtləri flaqman smartfonların satışlarının azalmasına səbəb olsa da, qatlana bilən telefon texnologiyasının bu vəziyyəti tərsinə çevirəcəyi düşünülür.

“Samsung”un qabaqcıl simalarından biri olan TM Roh tərəfindən verilən açıqlamalarda 2025-ci ilə qədər qatlana bilən smartfon satışlarının şirkətin bütün satışlarının yarısını təşkil edəcəyi iddia edilib. Rohun sözlərinə görə, 2025-ci ildən qatlanan telefonlar smartfonlar üçün yeni standarta çevriləcək.

Bu yaxınlarda aparılan bir araşdırma 2020-ci ildən 2021-ci ilə qədər olan 1 illik dövrdə qatlanan smartfon satışının heyrətamiz dərəcədə - 309% artdığını ortaya qoyub. 2021-ci ilin avqustunda satışa çıxarılan “Galaxy Z Flip 3” və “Galaxy Z Fold 3” modellərinin ilin sonuna qədər, yəni cəmi 6 ayda 7,1 milyon ədəd satılması çox böyük göstərici olaraq qəbul edilib.

Təbii ki, bu uğurun arxasında “Galaxy Z Flip 3”ün imzası daha böyük görünür. Belə ki, 7,1 milyon satışın 4,6 milyonu “Galaxy Z Flip 3”ə aiddir. Uğurlu telefon 2022-ci ilin ilk üç ayında daha 1 milyon ədəd satılıb ki, bu da bütün qatlana bilən smartfon satışlarının yarısını təşkil edib.

Poliqon.info