“SpaceX”ın prezidenti: “Starlink” internet xidməti Azərbaycanda korporativ sektorda və dənizdə dəstəklənəcək

Qvin Şotvelin sözlərinə görə, təmsil etdiyi şirkət Azərbaycanın fərdi vətəndaşlarının da internetlə təmin edilməsini həyata keçirə bilər...

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyi ("Azərkosmos") ABŞ-nin “SpaceX” şirkətinin “Starlink” genişzolaqlı peyk internet xidmətini korporativ sektorda və dəniz nəqliyyatında dəstəkləyəcək.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan "Space X”ın prezidenti və əməliyyatlar üzrə baş direktoru Qvin Şotvel (Gwynne Shotwell) deyib.

Onun sözlərinə görə, təmsil etdiyi şirkət Azərbaycanın fərdi vətəndaşlarının da internetlə təmin edilməsini həyata keçirə bilər:

“Starlink”i regiona gətirmək üçün ilk öncə “Azərkosmos” bu internet xidmətlərini korporativ və dəniz nəqliyyatı sahələrində dəstəkləyəcək.

“Starlink” bölgəyə çatdırılması çətin olan, çətin olmaqla yanaşı çox bahalı bağlantını gətirəcək. Beləliklə, indi ölkədə hər kəs çox yüksək sürətli internetə çıxış əldə edə bilər və biz bunu Azərbaycan xalqına çatdırmağı səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, bu gün Bakıda "Azərkosmos" ilə “SpaceX” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, "Azərkosmos" və “SpaceX” şirkəti arasında şirkətin “Starlink” genişzolaqlı peyk internet xidmətinin Azərbaycanda təkrar satışı üzrə razılıq əldə olunub.

Poliqon.info