Tokayev Qələbə Günündə Moskvaya gələcək

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev mayın 8-9-da Rusiyada işgüzar səfərdə olacaq...

Qazaxıstanın dövlət başçısı Moskvada keçiriləcək Qələbə paradında iştirak edəcək, Tver vilayətində Rjev abidəsini ziyarət edəcək, 100-cü və 101-ci atıcı diviziyaların qazax əsgərlərinin xatirəsini ehtiramla yad edəcək.

Poliqon xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat katibi Ruslan Jeldibay məlumat verib.

Tokayev Trubino kəndindəki kütləvi məzarlığı da ziyarət edəcək. Onun əmisi Qasım Boltayev orada dəfn olunub. Rjev yaxınlığındakı döyüşdə Qazaxıstandan çağırılmış 22 minə yaxın əsgər və zabit iştirak edib.

Qeyd edək ki, mayın 9-da Qırğızıstan prezidenti və Ermənistanın baş naziri Moskvaya gələcəklər. Rusiya lideri Tacikistan prezidentini də Qələbə bayramı şənliklərində iştirak etməyə dəvət edib.

Poliqon.info