Almaniyada 2060-cı ilə qədər işçi qüvvəsi 12 faiz azalacaq - Araşdırma

Almaniyada aparılan araşdırmalara görə, 2060-cı ilə qədər ölkədə işçi qüvvəsi əhəmiyyətli dərəcədə azalacaq.

Poliqon "Deutsche Welle"yə istinadən xəbər verir ki, 2060-cı ilə qədər Almaniyada işləyən əhalinin 11,7 faiz azalacağı gözlənilir. Bu azalmaya səbəb kimi əhalinin qocalması göstərilir.

Əmək Bazarı və Peşə Araşdırmaları İnstitutu (İAB) tərəfindən aparılan araşdırmada, 2060-cı ilə qədər məşğulluğa qatılma potensialı olanların sayının 11,7% azalaraq 45 milyon 700 mindən 40 milyon 400 minə düşəcəyi bildirilib.

Araşdırmaya görə, əmək bazarında iştirak edəcək insanların sayının 2035-ci ilə qədər 1 milyon 800 min civarında azalacağı və 43 milyon 900 minə qədər düşəcəyi təxmin edilir. Əmək təklifinin azalmasının ən mühüm səbəbi kimi yaşa görə işləyə bilən əhalinin sayının azalması göstərilib.

Araşdırmanın nəticələrini dəyərləndirən IAB eksperti Enzo Veber “Nəticələr göstərir ki, yaxın onilliklərdə müəssisələrdə işçi qüvvəsi təklifi azalacaq”, deyib.

İşçi qüvvəsinin azalmasının qarşısını almaq üçün tədbirlər görülməli olduğunu bildirən Veber əcnəbi qadınların və yaşlıların işə götürülməsinin, işsizliyin və miqrasiyanın azaldılmasının zəruriliyinə diqqət çəkib.

Avropa İttifaqı (Aİ) ölkələri ilə müqayisədə əmək miqrasiyasında üçüncü ölkələrin əhəmiyyətinin artdığını ifadə edən Veber, Aİ ölkələrindən kənardan əmək miqrasiyasının qarşısındakı maneələrin aradan qaldırılması lazım olduğunu vurğulayıb. Veber əlavə edib ki, işə gələnlərə əmək bazarında uzunmüddətli perspektiv təklif edilməlidir.

2035-ci ildən sonra əmək təklifində uzunmüddətli sabitliyin təmin edilməsi üçün doğum nisbətinin artması lazım olduğuna diqqət çəkən Veber bunun üçün müəyyənedici vəziyyətin peşə ilə ailə həyatı arasındakı uyğunluq olduğunu qeyd edib. Veberin fikrincə, bunun üçün uşaq baxımı xidmətlərinin artırılmalı, həyat yoldaşları arasında vəzifə bölgüsü təmin edilməli, fərdi çevik iş modelləri təklif edilməli və ailə siyasətinə dəstək verilməlidir.

Poliqon.info