XİN: "İranın Azərbaycanın 4 diplomatını arzuolunmaz şəxs elan etməsi ikitərəfli münasibətlərə xələl gətirir"

Rəsmi Bakı bəyan edib ki, İranın Azərbaycanın Tehran və Təbrizdə işləyən 4 diplomatını arzuolunmaz şəxs elan etməsi iki ölkə arasındakı əlaqələrə xələl gətirir.

Poliqon.info-nun xəbərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib ki, İranın bu qərarı tamamilə əsassızdır.

Onun sözlərinə görə, Tehran bu əsassız qərarı Azərbaycanın İranın 4 diplomatı ilə bağlı addımına cavab olaraq qəbul edib.

"İran tərəfi heç bir əsas olmadan və yalnız qarşılılıq prinsipini bəhanə gətirərək, ölkəmizin İrandakı səfirliyindən hələ yanvar ayında təxliyə olunmuş 2 nəfər əməkdaşı və Baş Konsulluğun 2 nəfər əməkdaşını arzuolunmaz şəxs elan edib", - A.Hacızadə vurğulayıb.

O deyib ki, İranın Azərbaycanın 4 diplomatını arzuolunmaz şəxs elan etməsi bir sıra problemlərin mövcud olduğu ikitərəfli münasibətlərə xələl gətirir.

Qeyd edək ki, cari ilin aprel ayının əvvəlində İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşı diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan edilmişdi.

Poliqon.info