BCM-in prokuroru: “Əminəm ki, onlar Putini həbs edəcək”

Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan Rusiya prezidenti Vladimir Putinin Cənubi Afrika Respublikasına (CAR) səfər edəcəyi təqdirdə həbs olunacağına əminliyini ifadə edib...

Poliqon “Ukrinform” nəşrinə istinadən xəbər verir ki, Kərim Xan bunu Kanada İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinin iclasında iştirak edərkən deyib.

“Onlar (Cənubi afrikalılar - red.) öz öhdəliklərini çox yaxşı bilirlər, ona görə də əminəm ki, doğru olanı edəcəklər”, deyə Kərim Xan Putinin CAR-da BCM-nin orderi əsasında həbs edilib-edilməyəcəyi ilə bağlı suala cavab verib.

O, bu məsələni açıq şəkildə gündəmə gətirmədiyini qeyd edərək, irqçi aparteid sistemini uğurla məğlub edən dövlətin öz qərarlarını vermək hüququna malik olduğunu qeyd edib:

“Bu yaxınlarda Cənubi Afrikanın Roma Statutuna görə öhdəliklərini tanıması ilə bağlı bəyanatlar olub. Bu bəyanatlar ictimaiyyətə açıqdır və onlar məsuliyyətlərdən xəbərdar olduqlarını təsdiqləyir. Düşünmürəm ki, onların mənim qayğıma ehtiyacı yoxdur”.

Qeyd edək ki, avqustda CAR-da BRİKS sammiti keçiriləcək və Putin də orada iştirak edə bilər. Roma Statutunu imzalayan Cənubi Afrika BCM-nin verdiyi müvafiq orderə uyğun olaraq Rusiya prezidentini həbs etməyə borcludur.

Ölkənin hakimiyyət orqanları Roma Statutuna sadiq qalacaqlarını və “beynəlxalq hüququn bərabər və ardıcıl tətbiqi kampaniyasını davam etdirəcəklərini” təsdiqləyiblər. Lakin indiyədək həbsinə order verilmiş Rusiya liderini saxlayacaqlarını təsdiqləməkdən yayınıblar.

Keçmişdə Cənubi Afrika soyqırım və insanlığa qarşı cinayətlərdə ittiham olunan Sudanın sabiq prezidenti Ömər əl-Bəşiri həbs etməməklə Roma Statutunu pozub.

Poliqon.info