Belçikada yeddi İŞİD üzvü həbs edilib

Belçikada terror aktı hazırlamaqda şübhəli bilinən yeddi İŞİD tərəfdarı həbs edilib...

Belçika Federal Prokurorluğu cümə axşamı bir neçə şəhərdə axtarışlar və Flandriyada terror aktı hazırlamaqda şübhəli bilinən “İslam Dövləti” terror qruplaşmasının yeddi üzvünün həbs edildiyini elan edib.

Poliqon xəbər verir ki, Belçika mətbuatının məlumatına görə, saxlanılanların ya əksəriyyəti, ya da hamısı Çeçenistandandır və onların üçü Belçika vətəndaşıdır.

“Söhbət iyirmi yaşlarında olan gənclərdən gedir, onların bəziləri artıq xırda cinayətlər törədiblər”, deyə RTBF telekanalı prokurorun saxlanılanların profilinə dair şərhindən sitat gətirib.

Öz növbəsində, “La Libre Belgique” qəzeti prokurorluğa istinadən xəbər verib ki, şübhəlilər hələlik gələcək hücumun konkret hədəfini müəyyənləşdirməyiblər, lakin aktiv şəkildə silah axtarıblar.

Təhqiqat aparan hakimin həbs qərarı verib-verməyəcəyinə daha sonra qərar verəcəyi gözlənilir.

“Potensial ittiham terrorçuluqla öldürməyə cəhd, terror qruplaşmasının fəaliyyətində iştirak və terror aktı hazırlamaq ola bilər”, deyə federal prokurorluq bildirib.

Poliqon.info