Erməni deputat: Vaşinqtonda danışıqlarda ciddi irəliləyiş qeydə alına bilməz...

Müstəqil siyasətçi Taquhi Tovmasyan hesab edir ki, erməni tərəfinin gözlənilməzliyi və daimi güzəştləri Ermənistan üçün yaxşı heç nəyə gətirib çıxara bilməz...

Taquhi Tovmasyan inanmır ki, Ermənistan və Azərbaycan Vaşinqtonda danışıqlarda hər hansı mühüm irəliləyiş əldə edə bildilər.

Poliqon “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, erməni deputat bu barədə parlamentdə bu gün keçirdiyi brifinqdə bildirib.

Qeyd edək ki, mayın 1-dən Vaşinqtonda Azərbaycanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ermənistanın xarici işlər nazirləri Ararat Mirzoyan arasında danışıqlar aparılır. ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan mayın 3-də keçirilən üçtərəfli görüşdən sonra “Ermənistan və Azərbaycanın danışıqlarda irəliləyişini” alqışlayıb.

“Birləşmiş Ştatlarda sadəcə olaraq danışıqlar faktı və onların üç gün davam etməsi tərəqqi hesab olunur. Mən ən azı bizim üçün başqa irəliləyiş təsəvvür edə bilmirəm. Çünki erməni tərəfi üçün irəliləyiş ancaq “Dağlıq Qarabağ”ın müzakirə sənədlərinə daxil olması ola bilər”, deyə Tovmasyan brifinqdə qeyd edib.

Bununla yanaşı, deputat qeyd edib ki, Ermənistan tərəfi heç bir halda “Dağlıq Qarabağ”ın istənilən statusda Azərbaycana verilməsini nəzərdə tutan sənədə imza atmamalıdır. Tovmasyan üçün qəbuledilməz olan başqa bir şey də “Dağlıq Qarabağ əhalisi”nin Azərbaycanın etnik azlığı kimi qəbul edilməsi, onların hüquqlarının dinc yanaşı yaşama kontekstində müzakirə olunmasıdır.

“İrəvanla Bakı arasında birbaşa danışıqlar da qəbuledilməzdir. Bu o demək olacaq ki, biz “Artsaxı” tək qoyduq. Amma Azərbaycan tək deyil, onu Türkiyə dəstəkləyir”, deyə erməni siyasətçi vurğulayıb.

Eyni zamanda, siyasətçi qeyd edib ki, erməni tərəfinin gözlənilməzliyi və daimi güzəştləri yaxşı heç nəyə gətirib çıxara bilməz. Tovmasyan əlavə edib ki, o, hakim partiyanın deputatlarının Azərbaycan tərəfindən “işğal” olunmuş Ermənistan ərazilərinin azad edilməsinə yönəlmiş işlərlə bağlı ictimai bəyanatlarına inanmır. 

Poliqon.info