İran prezidenti 13 il sonra Suriyada - Foto

Bu, İran prezidentinin son 13 ildə Suriyaya ilk səfəridir...

İran prezidenti İbrahim Rəisi Suriyaya səfər edib.

Poliqon SANA xəbər agentliyinə istinadən xəbər verir ki, Rəisini xarici işlər naziri Hüseyn Əmir-Abdollahian, müdafiə naziri Məhəmməd-Rza Aştiani və neft naziri Cavad Ovci də daxil olmaqla böyük bir nümayəndə heyəti müşayiət edir.

Bu, İran prezidentinin son 13 ildə Suriyaya ilk səfəridir.

Çərşənbə axşamı İran hökumətinin sözçüsü Əli Bahadori Cəhromi deyib ki, səfərdə əsas diqqət ticarət və iqtisadi əməkdaşlıq olacaq. Aprelin 28-də Suriyanın “Əl-Vətən” qəzeti hökumətdəki mənbəyə istinadən xəbər verib ki, Rəisi və suriyalı həmkarı Bəşər Əsəd mayın 3-4-də Dəməşqdə ikitərəfli strateji əməkdaşlığın, xüsusilə də iqtisadi sahədə əməkdaşlığın gücləndirilməsinə dair danışıqlar aparacaqlar. Qəzetin məlumatına görə, İran liderinin səfəri zamanı böyük sənədlər paketi imzalanacaq.

Rəisinin Suriyaya səfəri ərəb-İsrail münaqişəsinin növbəti gərginləşməsi fonunda baş verir. Çərşənbə axşamı İsrail döyüş təyyarələri Suriya ordusunun Hələb yaxınlığındakı mövqelərinə zərbələr endirib. Hücum zamanı bir suriyalı hərbçi həlak olub, yeddisi isə yaralanıb. Bundan əlavə, hücum Nairab hava limanının eniş zolağına ziyan vurub.

Poliqon.info