Rusiyanın sosial silahı - Avropa İttifaqına yeni qaçqın axını başlaya bilər...

Almaniya polisi Aİ sərhədlərində yeni miqrasiya böhranının başlaya biləcəyi barədə xəbərdarlıq edib...

Almaniya polisi Yaxın Şərqdən Rusiya və Belarus vasitəsilə Avropa İttifaqına daxil olmağa çalışan yeni qaçqın dalğasını qeydə alıb.

Poliqon xəbər verir ki, bu barədə Almaniyanın Bild tabloidinin əldə etdiyi qapalı polis hesabatında deyilir. Vəziyyət 2021-ci ildə baş verən hadisələri xatırladır, o zaman Belarus hakimiyyəti minlərlə miqranta viza verdi və onlar Belarus vasitəsilə Aİ-yə daxil olmağa cəhd göstərdilər.

Hesabatda deyilir ki, 2023-cü ilin mart ayında Şengen sərhədini keçən ilin mart ayına nisbətən 60% daha çox qeyri-qanuni immiqrant keçib. Ümumilikdə, polis 22,5 min qanunsuz giriş qeydə alıb.

Bild yazır ki, qaçqınlar Rusiya vizalarını alır, Rusiyaya və ya Belarusa uçur, Avropa İttifaqına daxil olur və sonra Almaniyaya gəlirlər. Hesabatda belə bir marşrut sosial şəbəkələrdə aktiv şəkildə reklam olunur.

Alman polisi yaxın həftələrdə Almaniyaya qeyri-qanuni girişlərin sayının artacağına inanır. Hesabatda həmçinin qeyd olunur ki, Şengen zonasının sərhədində hasarların çəkilməsi qaçqınların sayının azalmasına kömək etməyib (Polşa, Litva və Latviya, Estoniya və Finlandiya tikintilərini elan ediblər).

Hazırda Türkiyədə 4 milyona yaxın qaçqın, o cümlədən Suriyadan olan təxminən 3,6 milyon qaçqın yaşayır. Bild qeyd edir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qaçqınların Avropaya qeyri-qanuni daxil olmasına şərait yarada bilər, çünki o, qarşıdan gələn prezident seçkilərində yenidən seçiləcəyindən ehtiyat edir.

Poliqon.info