Moldovada xanım deputat ölkədən qaçmaq istəyərkən yaxalandı

Moldova prokurorluğu müxalif “Şor” partiyasının sədr müavini, deputat Marina Tauberin həbs edildiyini elan edib.

Poliqon TASS-a istinadən xəbər verir ki, o, partiyanın maliyyələşdirilməsi qaydalarını pozmaqda şübhəli bilinir.

Bu barədə bazar ertəsi Moldavanın antikorrupsiya prokurorluğu "Facebook" səhifəsində məlumat verib.

"Tauber İsrailə uçmağa cəhd edərkən Kişinyov hava limanında saxlanılıb. Saxlanma prokurorun göstərişi və təqsirləndirilən şəxsin ona qarşı tətbiq edilən həbs-qətimkan tədbirinin şərtlərini pozması əsasında həyata keçirilib", deyə məlumatda bildirilir.

Aydın olur ki, müxalifətçi əvvəllər yaşadığı məntəqəni tərk etmək qadağasına məhəl qoymayıb: “Müttəhimin ədalətdən yayınma riski var idi”.

Qeyd edək ki, ötən ilin iyulunda Tauberə qarşı partiyanın maliyyə idarəçiliyi və mütəşəkkil cinayətkar qrup tərəfindən maliyyələşdirilməsi ilə bağlı hesabatın saxtalaşdırılması ilə bağlı iki cinayət işi üzrə ittiham irəli sürülüb. Deputat ədalətin bərqərar olması üçün istintaqla əməkdaşlığa hazır olduğunu bildirib. O hesab edir ki, prokurorluğun qərarının arxasında hakim Fəaliyyət və Həmrəylik Partiyası dayanır.

Poliqon.info