Parisdə 1 may iğtişaşları: Polislə etirazçılar arasında toqquşma - Video

İştirakçılar zibil qutularını yandırıb, polisə daş və şüşə atıblar...

Parisdə 1 May Beynəlxalq Əmək Gününə təsadüf edən nümayişdə etirazçılar polislə toqquşublar.

Təhlükəsizlik qüvvələri etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə ediblər.

İştirakçılar isə zibil qutularını yandırıb, polisə daş və şüşə atıblar.

Məlumata görə, Volter bulvarında qara tüstü buludları yüksəlib, bir neçə avtobus dayanacağı və bankın şüşələri sındırılıb.

Paris polis prefekturasının məlumatına görə, hələ nümayiş başlamazdan əvvəl asayiş keşikçiləri 2740 yoxlama aparıb və 22 nəfəri saxlayıb, onlardan “asayiş keşikçilərinə qarşı istifadə oluna biləcək əşyaları” müsadirə ediblər.

Qeyd edək ki, Fransada pensiya yaşını 62-dən 64-ə qaldıran və bir sıra xüsusi pensiya rejimlərini ləğv edən pensiya islahatı qanununun payızda qüvvəyə minməsi gözlənilir. Təşəbbüs ölkə boyu nümayişlərə və tətillərə səbəb olub.

Poliqon.info